Advertisement

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına
start verilib.

AzMİU-da imtahan sessiyasını Elm və Təhsil Nazirliyinin mövcud
qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək
məqsədi ilə rektor professor Gülçöhrə Məmmədova tərəfindən əmr
imzalanıb.

Sessiyanın iyun ayının 3-dən başlayaraq 5 həftə ərzində
keçirilməsi nəzərdə tutulub. İmtahanlar bakalavriat və magistratura
səviyyələri üzrə yazılı, test və yaradıcı fənlərdən qabiliyyət
imtahanı verməklə təşkil edilib. 2 növbədə keçiriləcək imtahanlar
saat 9:00-da start götürüb 17:00-a qədər yekunlaşacaq.

Bildirək ki, AzMiU-da imtahan sessiyası ilə bağlı bütün texniki
və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari
qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq
edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə
verilib.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin
qiymətləndirilməsi, onların ekspertlərə təqdim olunması, yoxlama
prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron
səhifəsinə daxil edilməsi işləri üzrə universitetin
müəllimlərindən, əməkdaşlarından ibarət İşçi qrup formalaşdırılıb.
Həmçinin, imtahanların idarə olunması üçün gənc müəllimlərdən və
tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsində yarana biləcək
narazılıqların, neqativ halların zamanında həll edilməsi məqsədi
ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət
göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan
Qərargahı yaradılıb.

İmtahan boyu şikayətlərə baxılması və aşkar edilmiş
çatışmazlıqların aradan qaldırılması istiqamətində rektorun
sədrliyi ilə Münaqişə Komissiyası da fəaliyyət göstərəcək.

Universitet tərəfindən üzürlü səbəblərdən imtahanda iştirak edə
bilməyən tələbələrə yenidən imtahan verməyə şərait yaradılacaq.

İmtahan sessiyasının gedişinə nəzarət, o cümlədən şəffaflığın
təmin olunması məqsədi ilə AzMiU-da Apellyasiya Komissiyası,
“Qaynar xətt” də fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyunun 4-də AzMİU-nun rektoru professor Gülçöhrə
Məmmədova universitetin tədris işləri üzrə prorektoru professor
Akif Qasımovla birgə imtahan prosesinə baxış keçirib, tələbələrlə
və işçi heyətlə söhbət aparıb, lazımi tapşırıqlar verib.