Bakı. Trend:
Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır
olduğunu təsdiqləyir.
Trend-in
məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası
xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Nazir müavininin sözlərinə görə, Rusiya tərəfi Ermənistan və
Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun
Bayramovun mayın 10-11-də Qazaxıstanda keçirilən və sülh
müqaviləsinin hazırlanmasına yönəlmiş görüşünü müsbət
qiymətləndirir.
“Onun keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik
yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm
addım atılıb”, – deyə M.Qaluzin qeyd edib.
Nazir müavini əlavə edib ki, Moskva artıq iki dəfə – 2023-cü
ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh
danışıqlarının raundlarına ev sahibliyi edib:
“Biz Rusiyaya qardaş olan iki xalqının barışmasına hərtərəfli
dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və
rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış
həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”.





























