Advertisement

Paytaxtda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırılıb (VIDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.

Trend xəbər
verir ki, bu barədə FHN-dən bildirilib.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı
şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus
mebel sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində
çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı
və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına
birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri
yanar materialların üzəri ilə çəkilib;

– obyekt ərazisində yanğın su hovuzu mövcud deyil;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin
edilməyib;

– təxliyə planı mövcud deyil;

– obyektdə layihədən kənar taxta və polietilen materiallarla
arakəsmələr quraşdırılıb;

– boya sexi havalandırma sistemi ilə təchiz edilməyib;

– mebel sexində taxta konstruksiyalı rəflər odadavamlı məhlulla
hopdurulmayıb;

– sexin ətrafı yanar tullantılardan və quru otlardan
təmizlənməyib;

– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, icbari qaydada sığortalanmayıb;

– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə
məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar
qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim
edilib.