Advertisement

Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir – Səttar Möhbalıyev

Bakı. Trend:

Bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki,
dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də
Azərbaycandır. Azərbaycanın enerji strategiyası elə mükəmməl
hazırlanıb və həyata keçirilir ki, onun uğurları regionu, eləcə də
dünyanı əhatə etməkdədir. Əgər bir zamanlar biz bu sahədə hansısa
dövlətlərdən asılı idiksə, bu gün isə bunun tam əksidir: artıq uzun
illərdir Azərbaycan özü tərəfdaşlarına enerji ixrac edir. Ulu Öndər
Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev
cənablarının uğurla davam etdirdiyi enerji siyasəti
iqtisadiyyatımızı gücləndirməklə, vətəndaşlarımızın rifahını
dəfələrlə yüksəltməklə yanaşı, həm də böyük siyasi və strateji
anlam daşıyaraq müstəqilliyimizi möhkəmləndirib, ölkəmizə böyük
nüfuz gətirib, həmçinin beynəlxalq mövqelərinə müsbət təsir edib.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi enerji layihələri
Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında açar
rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu, beynəlxalq aləmdə
ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bildiyimiz kimi,
ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6, trilyon,
proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrdir. Bu da imkan
verir ki, Azərbaycan hələ uzun illər etibarlı enerji təchizatçısı
kimi yoluna davam etsin.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətinin, bu sahə
üzrə həyata keçirdiyi layihələrin uğurlu və cəlbediciliyi, təbii
ki, onun güvənli olması ilə sıx bağlıdır: “Belə ki, Azərbaycanın
təşəbbüsü ilə ərsəyə gələn layihələrin tarixinə nəzər salsaq,
görərik ki, ölkəmiz atdığı hər bir imzasına məsuliyyətlə yanaşıb,
öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, sənədlərdə heç
bir dəyişiklik etməyib, ixracda gecikmə də olmayıb. Bir sözlə,
bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan son dərəcə
məmnundurlar. Odur ki, ölkəmizin bu istiqamətdə atdığı yeni-yeni
addımlar, təşəbbüslər böyük dəstək qazanır, ona qoşulmaq
istəyənlərin sayı isə durmadan artır”.

“Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri
də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma şərait
yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatlar,
onların lider və nümayəndələri bir araya gəlsin, enerji
təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə
etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji Həftəsi
yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin
müəyyən edilməsi baxımdan olduqca faydalıdır. Hər il olduğu kimi,
bu dəfə də tədbirə maraq yüksəkdir – 37 ölkədən 300-dək şirkət
burada cəm olub. Eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər
Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi
açılış mərasimində iştirak etməsi, mövzu üzrə dəyərli fikirlərini
bölüşməsi, qiymətli tövsiyələri tədbirin əhəmiyyətini artırmaqla
yanaşı, yüksək statusunu da göstərir”, – AHİK sədri qeyd edib.

“Bakı Enerji Həftəsinin önəmli tərəfi həm də “yaşıl enerji”
sahəsinin inkişafına, təcrübələrin bölüşməsinə, bunun zəruriliyinin
təbliğinə geniş yer verməsidir. Təmiz ətraf mühit və “yaşıl enerji”
növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən olunub
və bu istiqamətdə qısa müddət ərzində görülən işlər də göz
qabağındadır. Bildiyimiz kimi, iqlim dəyişikliyi ağır fəsadlara yol
açıb və qlobal xarakter daşıyır. Bütün dövlətlərin həssas yanaşmalı
olduğu bu məsələdə Azərbaycan etibarlı və məsuliyyətli davranır.
Belə ki, 2030-cu ilədək istixana effekti yaradan qaz
emissiyalarının 35 faiz azaldılmasını ölkəmiz qarşısına hədəf
olaraq qoyub. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin
bərpaolunan enerji üzrə gördüyü işlər barədə iştirakçılara məlumat
verdi. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji gücü 27 000
MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə
23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı
520 MVt həcmində qiymətləndirilir. Təbii ki, bu, yüksək
potensialdır və imkan verir ki, Azərbaycan bu istiqamətdə gördüyü
işləri daha da genişləndirsin. Yeri gəlmişkən, tədbir çərçivəsində
Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və
qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tərəfindən
Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və
Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bu
istiqamətdə görülən işlərin bilavasitə davamıdır”, – Milli Məclisin
deputatı vurğulayıb.