Advertisement

Macarıstanın prioriteti enerji təchizatı məsələlərində ideoloji yanaşmadan xilas olmaqdır – Peter Siyarto

Bakı. Trend:

Macarıstanın prioriteti enerji təchizatı məsələlərində ideoloji
yanaşmadan və siyasi debatlardan xilas olmaqdır.

Trend xəbər
verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət
naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində “Enerji
təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq
əməkdaşlıq” mövzusunda panel müzakirəsində deyib.

“Əfsuslar olsun ki, enerji təchizatı təhlükəsizliyinin
beynəlxalq siyasi münaqişələrə necə cəlb olunduğunu müşahidə
edirik. İdeoloji mübahisələr problemi qəlizləşdirir.
Prioritetlərdən danışarkən bizim əsas məqsədimiz enerji təchizatı
məsələlərində ideoloji yanaşmadan və siyasi mübahisələrdən
qurtulmaqdır. Gəlin sağlam düşüncəyə müraciət edək və enerji
təchizatını fəlsəfi-ideoloji deyil, fiziki-riyazi məsələ olaraq
nəzərdən keçirək”, – o deyib.

P.Siyarto qeyd edib ki, söhbət təhlükəsiz enerji tədarüklərinə
dair təminatlardan getdikdə Macarıstan ədalətli və yaxşı düşünülmüş
siyasətin tərəfdarıdır.

“Söhbət enerji tədarüklərimizdən getdikdə istənilən ideologiya
və müdaxilənin qəti surətdə əleyhinəyik. Ölkəmizə təhlükəsiz enerji
tədarüklərinin təmin olunması birinci dərəcəli əhəmiyyət kəsb edən
məsələdir. Dünyadakı mürəkkəb şəraitdə dayanıqlı və təhlükəsiz
enerji tədarüklərini təmin etmək üçün nüvə enerjisinin mənfi
diskriminasiyasından qurtulmalıyıq”, – deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun