Advertisement

Dünyanın maliyyə və biznes mərkəzi olan “The City of London”da COP29 müzakirə edilib (FOTO)

Bakı. Trend:

Dünyanın maliyyə və biznes mərkəzi olan “The City of London”da
“Sıfır emissiya məqsədinə çatmaq” (Net Zero Delivery Summit)
mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, “The City of London”un meri Maykl
Maynellinin ev sahibliyi ilə keçirilən, Britaniyanın və dünyanın
aparıcı iqlim mütəxəssislərinin iştirak etdiyi tədbirdə iqlim
keçidinin maliyyələşməsi, xüsusən özəl sektordan dayanıqlı
maliyyələşmənin cəlb edilməsi, adaptasiyanın maliyyələşdirilməsi,
yaşıl texnologiyaların rolu, karbon bazarları, təbiət və
bio-müxtəliflik kimi məsələlər müzakirə edilib. Həmçinin, Dubayda
keçirilən COP28-dən Azərbaycanın ev sahibliyi ilə keçiriləcək
COP29-a gedən yolda əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi
aparılıb. Tədbir zamanı xüsusən iqlim fəaliyyətinin
maliyyələşdirilməsi məsələsində vacib irəliləyişin əldə edilməsi
baxımından Azərbaycanda keçiriləcək COP29-un həlledici rola malik
olduğu vurğulanıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov
konfransda çıxış edərək ölkəmizin COP29-a dair baxışları və
hazırlıqları barədə danışıb. Səfir qeyd edib ki, Azərbaycan üzərinə
düşən məsuliyyəti başa düşür və bütün tərəfləri dinləyərək qlobal
istiləşmənin qarşısının alınması naminə uğurlu COP tədbiri keçirmək
üçün əlindən gələni edəcək. Elin Süleymanov Azərbaycanda
keçiriləcək COP tədbirində danışıqların vacib istiqamətlərindən
birinin maliyyələşməyə həsr ediləcəyini və bu məqsədə nail olunması
üçün dövlətlərin, beynəlxalq maliyyə institutlarının, özəl sektor
və xeyriyyə qurumlarının hər birinin prosesdə iştirakının təşviq
ediləcəyini deyib.

Çıxışında Elin Süleymanov iqlim danışıqlarında davamlılığın
təmin edilməsi məqsədilə Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb
arasında etimadın bərpa edilməsində körpü rolunu oynayacağını,
eləcə də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada
dövlətlərinin səsinin eşidilməsinə töhfə vermək niyyətində
olmasından bəhs edib.

2025-ci ildə COP30 tədbirinə ev sahibliyi edəcək Braziliyanın
Britaniyadakı səfiri də konfransda iştirak edib. O bildirib ki,
Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurla keçməsi
Braziliyadakı tədbirin də uğurla nəticələnməsi üçün həlledici rola
malik olacaq.

2021-ci ildə Qlazqo şəhərində keçirilən COP26-nın prezidenti
olmuş Sir Alok Şarma öz çıxışında qeyd edib ki, qlobal istiləşmənin
qarşısının alınması baxımından hər bir COP tədbiri vacibdir. O,
beynəlxalq iqlim ictimaiyyətini Azərbaycanda keçiriləcək COP29-a
dəstək verməyə çağırıb.

Millətlər Birliyi Təşkilatının (Commonwealth) Baş katibi
Baronessa Patrisia Skotland da konfransda çıxış edərək iqlim
dəyişikliyinin ağır fəsadları nəticəsində inkişaf etməkdə olan
kiçik ada dövlətlərinin həyati təhlükə ilə qarşı-qarşıya olduğunu
deyib. O, dövlətləri və bütün maraqlı tərəfləri iqlim fəaliyyəti və
ambisiyalarını gücləndirməyə dəvət edib.

Tədbirdə iştirak çərçivəsində səfir Elin Süleymanovla “The City
of London”un meri Maykl Maynelli ilə təkbətək görüş keçirib.