Advertisement

Bakı Enerji Həftəsi ölkəmizə yeni investisyaların axınını sürətləndirəcək – RƏY

Bakı. Trend:

Bakı Enerji Həftəsinin keçirilməsi ənənə halı alıb. Bu tədbirin
keçirilməsinin tarixi 30 il əvvəldən başlayır. Azərbaycanda ilk
dəfə Bakı Enerji Həftəsi keçirilməyə başlananda ölkəmiz təzəcə
müstəqilliyə qovuşmuşdu və müəyyən çətinliklərlə üz-üzə idi.
Azərbaycanın dirçədilməsi üçün xarici investisyalar cəlb olunmalı
idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov
deyib.

O qeyd edib ki, məhz 1994-cü ildə keçirilmiş Bakı Enerji
Həftəsindən sonra “Əsrin müqaviləsi” imzalandı və ölkəmizin
iqtisadiyyatına milyardlarla dollar sərmayə axmağa başladı.

“Bu gün keçirilən Bakı Enerji Həftəsi tamamilə fərqli yeni bir
dövrdə daha geniş şəkildə baş tutur. 30 il əvvəl Bakı Enerji
Həftəsi neft-qaz sektorunun dirçəldilməsinə hesablanmışdısa, bu gün
həmin tədbir özündə “yaşıl” enerji sektorunu da ehtiva edir. Bu gün
gündəliyimizə “yaşıl” enerjinin istehsalı ilə bağlı yeni çağırışlar
daxil olub. 30 il əvvəl keçirdiyimiz Enerji Həftəsində az ölkənin
bir neçə şirkəti iştirak edirdisə, bu gün 37 ölkədən 300 şirkət
iştirak edir.

Həmin şirkətlər Bakı Enerji Həftəsi çərçivəsində elmin ən son
texnologiyalarını nümayiş etdirirlər. Təbii ki, bu da həm neft-qaz
sənayemizin inkişaf etdirilməsində, həm də “yaşıl” enerji
mənbələrinin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Azərbaycanın “yaşıl” gündəliyi çox genişdir. Ölkəmiz COP29-a ev
sahibliyi alana qədər özünün “yaşıl” gündəliyini
müəyyənləşdirmişdi. Belə ki, işğaldan azad olunmuş ərazilərimiz
“yaşıl zona” elan olunmuşdu, ölkəmizin “yaşıl” enerji potensialı
müəyyənləşdirilərək, 200 qiqavatt olduğu təsdiq edilmişdi.

Biz qazma enerjisindən gələn gəlirləri həm ölkəmizin inkişafına,
həm də “yaşıl” gündəliyimizin dirçəldilməsinə istiqamətləndiririk.
Azərbaycan “yaşıl” gündəliyini inkişaf etdirməklə qlobal iqlim
dəyişikliklərinə qarşı mübarizəyə də töhfə vermiş olur. Belə ki,
istilik effekti yaradan qaz emissiyalarının azaldılması
istiqamətində əməli addımlar atır. Bakı Enerji Həftəsi çərçivəsində
3 yeni bərpa olunan enerji stansiyasının təməlləri atıldı. Bu
stansiyaların istifadəyə verilməsi ilə “yaşıl” enerji gücümüzə 1
qiqavatt yeni güc əlavə olunacaq.

Ümumiyyətlə, 2027-ci ilin sonuna qədər Azərbaycan 2 qiqavatt
“yaşıl” enerji istehsal etməyi planlaşdırıb. Məhz “yaşıl” enerjinin
istehsalı bizə qazın sərfiyyatına qənaət etməyə imkan verir.

Belə ki, 1 qiqavatt “yaşıl” enerjinin istehsalı 0,5 milyard
kubmetr təbii qaza qənaət etməyimizə imkan verəcək. Biz 2027-ci ilə
qədər Avropaya ixrac edəcəyimiz qazın həcmini 20 milyard kubmetrə
çatdırmağı planlaşdırmışıq. Məhz “yaşıl” enerji sektorunun inkişafı
sayəsində qənaət olunan qazı da Avropaya ixrac edə biləcəyik.

Avropaya qaz ixracının artması Avropada bərk yanacaqdan istifadə
olunmasını azaldacaq. Bu da bizim qlobal iqlim dəyişikliklərinə
qarşı mübarizəyə verdiyimiz töhfələrdəndir. Həm də ölkəmiz Avropaya
“yaşıl” enerjini də ixrac edəcək. Azərbaycan, Gürcüstan, Rumıniya
və Macarıstanın birgə razılaşması sayəsində Qara dənizin dibi
vasitəsilə “yaşıl” kabel magistralının tikintisinə yaxın zamanlarda
başlanılacaq. Bu da istehsal edəcəyimiz bərpa olunan enerji
resurslarımızı Avropa bazarlarına çıxarmağımıza imkna verəcək.

Bakı Enerji Həftəsi çərçivəsində bütün bu məsələlər ətrafında
bir daha müzakirələr aparılır və proseslərin realladırılması
istiqamətində ciddi addımlar atılacaq. Bakı Enerji Həftəsi həm də
ölkəmizə yeni investisiyaların axınını sürətləndirəcək.

Enerji sektorumuzda əməkdaşlıq edən böyük aparıcı şirkətlər
sözümüzün imzamız qədər möhkəm olduğuna inanıblar. Çünki biz imza
qoyduğumuz bütün razılaşmaların icra olunmasına sadiqik. Ölkəmizdə
Bakı Enerji Həftəsinin keçirilməsinin siyasi əhəmiyyəti də çox
böyükdür. Bu, ölkəmizin siyasi mövqelərini gücləndirir və
dostlarımızın sayını artırır. ABŞ, İngiltərə və Türkiyənin dövlət
başçılarının təbrik məktubları göndərməsi Bakı Enerji Həftəsinin
qlobal əhəmiyyətinin göstəricisidir. Azərbaycan beynəlxalq
tədbirlərin keçirilməsində böyük təcrübəyə malik ölkəyə çevrilib.
Ölkəmiz əməkdaşlıq edən hər bir tərəfdaşa sülh, əmin-amanlıq,
qarşılıqlı fayda və inkişaf gətirir”, – deyə deputat əlavə
edib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki,
Bakı Enerji Həftəsində müzakirə edilən mövzular ölkəmiz və bölgəmiz
üçün çox önəmlidir.

“Enerji təhlükəsizliyi, Xəzər və rejionda kəşfiyyat və hasilat
imkanlarının artırılması və “yaşıl enerji potensialı kimi mövzulara
baxanda tədbirin nə qədər əhəmiyyət kəsb etdiyini müşahidə etmək
olar. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində
əhəmiyyəti artmaqdadır. Artıq ölkəmiz xarici investorları “yaşıl”
enerji sahəsinə uğurla cəlb etməyə başlayıb. Bu sahədə Azərbaycanın
potensialı böyükdür. Digər tərəfdən, ölkəmizin artan enerji
əlaqələri, satış bazarının genişlənməsi onu cəlbedici tərəfdaşa
çevirir. Bu forumun keçirilməsi bu istiqamətdə geniş imkanlar
yaradır.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak
edir. Bütün bunlar ölkəmizin enerji təhlükəsizliyinə,
şaxələndirilməsinə, satışının inkişafının təmin edilməsinə töhfə
verəcək”, – deyə ekspert qeyd edib.