Advertisement

Azərbaycan daha böyük bir beynəlxalq tədbirə, Bakı Enerji Həftəsinə ev sahibliyi edir – Deputat

Bakı. Trend:

Bu günlərdə Azərbaycan daha böyük bir beynəlxalq tədbirə, enerji
sənayesinin liderlərini bir araya gətirən, 37 ölkədən 300-dən artıq
şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
Bakı Enerji Həftəsi dünya üçün vacib olan enerji məsələlərinin
müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan dünyanın enerji siyasətində vacib rol
oynayan bir ölkəyə çevrilib.

“Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev
tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər
üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün
Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də,
dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən
bir ölkəyə çevrilib.

Ölkəmiz bu istiqamətdə beynəlxalq əməkdaşlığını daha da
genişləndirir. Azərbaycan həm də dünyada etibarlı tərəfdaş imici
qazanıb və ölkəmizə bu istiqamətdə investisiya qoymaq istəyən
ölkələrin sayı artmaqdadır. Bakı Enerji Həftəsi enerji siyasətinin
bütün seqmentlərini əhatə etməklə Azərbaycanın rolunu və nüfuzunu
daha da artırır”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz,
neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi
ixracatçısıdır.

“Hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji
marşrutları mövcuddur. Müxtəlif istiqamətə uzanan 3 neft boru
kəməri və 4 qaz boru kəməri mövcuddur.

Elektrik enerjisi xətlərinə gəldikdə, Azərbaycan 4 qonşu ölkəyə
elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac
edilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı, Azərbaycan qlobal
enerji təhlükəsizliyinin qorunmasında da özünü məsuliyyətli ölkə
kimi aparır. Ölkəmiz üçün elektrik enerjisi, bərpa olunan enerji,
hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir”, – deyə
deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, eyni zamanda Azərbaycanda bərpa olunan
enerji sahəsinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər
həyata keçirilir.

“Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi
məqsədilə beynəlxalq təşkilatlar, dünyanın bu sahədə ixtisaslaşan
iri şirkətləri ilə müqavilələr imzalanıb, bərpa olunan enerji
stansiyaları, o cümlədən Qarabağda 10-dan çox su elektrik
stansiyasının yaradılması nəzərdə tutulur”, – deyə o
vurğulayıb.