Advertisement

Azərbaycan qlobal enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır – ŞƏRH

Bakı. Trend:

Bu günlərdə Bakı Enerji Həftəsi 2024-cü il ərzində enerji
sektorunun ən mühüm tədbirlərindən biri kimi qeyd edilir. Bu həftə
ərzində Azərbaycanın paytaxtı Bakı enerji sənayesinin liderlərini
bir araya gətirir. Tədbirdə 37 ölkədən 300-dən artıq şirkət iştirak
edir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova və
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə
Heyətinin sədri Ramil İskəndərli Trend-ə açıqlama verib.

S.Hüseynova bildirib ki, Azərbaycan qlobal enerji
təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır və enerji
siyasətinin bütün seqmentlərini əhatə edən belə bir tədbirə ev
sahibliyi etməklə, özünün qlobal enerji bazarındakı mühüm rolunu
bir daha təsdiqləyir.

“Bakı Enerji Həftəsi qlobal enerji təhlükəsizliyinin təmin
olunması istiqamətində səmərəli müzakirələrin aparılması, yeni
əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm bir platformaya
çevrilib. Bu tədbir Azərbaycanın beynəlxalq imicini gücləndirir və
ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin tədbirin açılışındakı çıxışı və verdiyi
mesajları, o cümlədən ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu
tədbirin əhəmiyyətini daha da artırır”, – deyə deputat qeyd
edib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər
Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm
təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir
və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın,
eləcə də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini
təmin edən bir ölkəyə çevrilib.

“Azərbaycan nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz,
neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Ölkəmiz üçün
elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin
səmərəliyi məsələləri də gündəmdədir. Eyni zamanda, Azərbaycan
regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata
keçirilməsində hər zaman maraqlı olub və təbii ki, buna da
Azərbaycanın təbii imkanları şərait yaradıb. Azərbaycan digər
ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Belə ki,
hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji
marşurutları mövcuddur. Müxtəlif istiqamətə uzanan 3 neft boru
kəməri və 4 qaz boru kəməri mövcuddur. Bu potensialdan da maksimum
dərəcədə istifadə oluna bilər. Eyni zamanda, Azərbaycan zəruri
infrastruktura malikdir”, – deyə deputat qeyd edib.

R.İskəndərli isə deyib ki, tədbir Azərbaycanın beynəlxalq
əməkdaşlığa sadiq qalaraq qlobal enerji sektorunda əsas
oyunçulardan birinə çevrilməsinin göstəricisidir.

“Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı enerji
təhlükəsizliyinin strateji əhəmiyyəti, bərpa olunan enerji
mənbələrinə keçid və Azərbaycanın iqlim dəyişikliyi kimi qlobal
çağırışların həllindəki rolu, ölkənin daha yaşıl gələcəyə keçiddə
cəsarətli addımların atdığının vurğulanması baxımından son dərəcə
əhəmiyyətli idi. Prezidentin çıxışı həm tarixi konteksti, həm cari
təşəbbüsləri, həm də gələcəyə baxışı əks etdirirdi. Azərbaycanın
bir çox ölkələr, xüsusən də Avropa üçün etibarlı enerji
təchizatçısı kimi rolu vurğulandı. Bunun regional enerji
təhlükəsizliyinə və geosiyasətə təsirləri var, Azərbaycan
ümumavropa qaz təchizatçısı kimi tanınır.

Prezident çıxışında həmçinin, Azərbaycanın son üç onillikdə öz
nüfuzunun yüksəldilməsində həlledici rol oynayan sabit və etibarlı
tərəfdaşlıq münasibətlərini qoruyub saxlamaq öhdəliyinə də
toxundu.
Çıxışın əhəmiyyətli bir hissəsi Azərbaycanın bərpa olunan enerjiyə
keçidinin müzakirəsinə həsr olundu. Yeni günəş və külək elektrik
stansiyalarının təməlqoyma mərasimləri bu istiqamətdə atılmış böyük
addımdır”, – deyə o əlavə edib.