Bakı. Trend:
“Səbail”in yeni transferi Fərid Nəbiyevin İdman.bizə müsahibə
verib.
Trend İdman.biz-ə
istinadən müsahibəni təqdim edir:
-“Turan Tovuz”u “Səbail”ə dəyişdiz. Keçid necə
alındı?
-“Səbail”dən yaxşı təklif aldım və qəbul etdim. Perspektivli
komandadır, yaxşı kollektivi var. Bundan sonra mən də “Səbail”in
daha da uğurlu çıxışı üçün çalışacam.
– Başqa klublardan da təklif vardı,
yoxsa…?
– Digər təkliflərim də oldu. Amma “Səbail”dən aldığım təklifin
karyeram üçün daha uğurlu olacağını düşündüm. Buna görə də seçimim
bu klub oldu.
– Bakı klubunda hədəflərin nə olacaq?
– Həmişə komandama uğur qazandırmağı, faydalı olmağı qarşıma
məqsəd qoymuşam. Ümid edirəm ki, keçidim ilk növbədə “Səbail”,
sonra isə mənim üçün uğurlu olar. Bunun üçün var gücümlə
çalışacam.
– “Turan Tovuz”dan getməyinə baş məşqçi Ayxan Abbasovun
komandadan ayrılması nə qədər təsir etdi?
– Ayxan müəllim yaxşı insan və yaxşı məşqçidir. Karyerasında
uğurlar arzu edirəm. Artıq başqa klubdayam. Fikirlərim də ancaq
komandamla bağlıdır.
– Bir müddət Çexiyada legioner həyatı yaşadın. Artıq
xarici klublarda oynamaq istəyin yoxdu?
– Hazırda “Səbail”lə müqavilə imzalamışam və bütün diqqətim
komandamdadır.
– Milli komandaya dəvət almırsan. Özünü yığmaya hazır
sayırsan?
– Yığma komandanın formasını geyinmək hər bir futbolçu üçün
qürurverici hissdir. Təbii ki, özümü millidə oynamağa hazır hiss
edirəm. Amma yığma ilə bağlı qərarları baş məşqçi verir. Onun
qərarlarına hörmətlə yanaşmalıyıq.





























