Advertisement

Respublika Klinik Xəstəxanası hara köçürülür?

Bakı. Trend:

Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin
göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati
binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə
ehtiyacı yaranıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Qeyd edilib ki, xəstəxananın 6 terapevtik şöbəsinin müvəqqəti
olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu
rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında
yerləşən Modul tipli xəstəxanaya köçürülməsi həyata keçirilir.

“Nəzərinizə çatdırırıq ki, mərhələli təmir işləri ilə əlaqədar
olaraq Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya
və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.
Sadalanan şöbələr Respublikanın bütün rayonlarının və Bakı
şəhərinin əhalisinə təcili və təxirəsalınmaz tibbi xidmət göstərir.
Bu səbəbdən də I korpusda (terapevtik) 8 əməliyyatxana olmaqla
lazım olan bütün infrastruktur yaradılıb. Hal-hazırda gün ərzində
75-80 cərrahi əməliyyat icra olunur. Təkcə may ayı ərzində 1 212
cərrahi əməliyyat icra olunub.

Xəstəxananın I korpusunda yerləşən 6 şöbə (Endokrinologiya,
Qastroenetologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya,
Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana
köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı
sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına
malik olmasıdır.

Görülən işlər qaydalara uyğun olaraq planlı şəkildə aidiyyəti
qurumların nəzarəti altında həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, cari təmirə dayanan II korpusun
(Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri
infrastrukturlar yaradılacaq. 12 müasir əməliyyatxana,
angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım,
mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Belə
olduğu təqdirdə gündəlik əməliyyatların sayı 100-120-yə
çatdırılacaq. Ən son müasir avadanlıqlar ilə təchiz olunan cərrahi
şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar
icra olunacaq. Görülən bütün işlər əhaliyə müasir standartlara
uyğun olaraq yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün
nəzərdə tutulub”, – deyə əlavə edilib.