
Ermənistan sülh danışıqları prosesini uzatmaq üçün
bu dəfə də “Konstitusiya məsələsi”ni gündəmə gətirərək uzun
müzakirələrə bel bağlayır.
Ermənistanın XİN başçısı Ararat Mirzoyan ölkə parlamentindəki
çıxışında deyib: “Ermənistan da, Azərbaycan da uzunmüddətli sülhün
bərqərar olması yolunda bir-birlərinin konstitusiyalarında maneələr
görürlər. Lakin konstitusiyalara dəyişikliklər eldilməsi
Ermənistan-Azərbaycan danışıqlarının gündəliyində yoxdur”.
Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Azərbaycana
qarşı ərazi iddialarının yer aldığı Ermənistan bu minvalla öz
aləmində “paritet” yaradır, problemi Bakı ilə “bölüşmək” və sonra
da ümumiyyətlə, dezaviuasiya etmək istəyir.
Dayanıqlı sülhün bərqərar olması və münasibətlərin normallaşması
üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi,
Azərbaycana qarşı ərazi iddiasının ləğv edilməsi zəruri, hətta
qaçılmaz şərtdir.
İrəvandakı hakimiyyət isə normal davranmaq əvəzinə, siyasi
manipulyasiyaya və klounadaya üz tutmaq qərarına gəlib.
Erməni kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın,
yəni Vazgen Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyalarını
yatırmağın yollarını düşünən baş nazir Nikol Paşinyan orta
statistik ermənilərin nəzərində “Bakının tələbləri qarşısında geri
çəkilməyən sərt, iradəli və qətiyyətli lider” obrazına yiyələnmək
istəyir.
Ararat Mirzoyanın ölkə parlamentindəki çıxışının məqsədi də
İrəvandakı mövcud hakimiyyəti məhz “Ermənistanın və ermənilərin
maraqlarını sonadək düşünən komanda” olduğunu, “Bakı ilə sərt dildə
danışıqlar aparıldığını” göstərməkdir.
Azərbaycan Konstitusiyası ilə bağlı ermənilərin iddiaları
gülüncdür. İrəvanı “narahat edən məqam” 1991-ci ilin oktyabrın
18-də qəbul deilmiş “Dövlət müstəqilliyi haqqında” Bəyannamənin
ölkəmizin Konstitusiyasının preambulasında əks olunmasıdır. Həmin
preambulada isə 1918-ci ilin mayın 18-də müstəqilliyini bəyan etmiş
Azərbaycan Respublikasının varisi olduğuz vurğulanır.
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı”nın 2-ci maddəsində yazılıb: “Azərbaycan
Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək
mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.
Ermənistanın siyasi elitalarını, mediasını və cəmiyyətini də
narahat edən məqam elə budur. Onların fikrincə, Azərbaycan
Demokratik Respublikasının ərazilərində indiki Ermənistanın
əhəmiyyətli hissəsi vardı.
“Azərbaycan tarixi Konstitusiyasının problemli hissələrinə
əsasən təqdim edir” tipli ifadələri dilə gətirən İrəvan
rəsmilərinin bəyanatlarını əsasını da bəhs etdiyimiz nüans təşkil
edir.
Halbuki Azərbaycanla Ermənistan arasındakı danışıqların bazisini
tarixi və ya siyasi iddialar yox, ərazi iddialarından əl çəkərək
dayanıqlı sülhə və stabil təhlükəsizliyə nail olmağın yollarının
axtarışı durmalıdır.
Azərbaycanın Konstitusiyasında və ya mövcud qanunvericiliyində
Ermənistana qarşı yönəlmiş ərazi iddiaları yoxdur.
Ermənistan Konstituasiyaında, habelə onun preambulasında
(Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad) sabiq Dağlıq
Qarabağ Muxtar Vilayəti “Ermənistanın tərkib hissəsi” kimi
göstərilir.
Bundan başqa, məhz Müstəqillik Bəyannaməsindəki və
Konstitusiyadakı məqamlara əsaslanaraq Ermənistan parlamenti
1992-ci ilin iyulun 8-də qəbul etdiyi qərarda bəyan etmişdi:
“Dağlıq Qarabağın Azərbaycan ərazisi qismində göstərildiyi
istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün
qəbuledilməzdir”.
1998-ci ildə də Azərbaycan vətəndaşı, əslən qarabağlı erməni
olan Robert Köçəryan məhz bəhs etdiyimiz müddəalara əsasən
Ermənistandakı prezident seçkilərinə burazılmışdı. Halbuki
Ermənistan qanunvericiliyinə görə, ölkə vətəndaşı olmayan və ölkədə
10 il yaşamayan şəxs seçkilərdə namizəd kimi iştirak edə
bilməzdi.
Göründüyü kimi, məhz Ermənistan Konstitusiyası sülh prosesinin
qarşısındaki maneələrdən biridir. Şərti dövlət sərhədinin
delimitasiyası prosesi Ermənistanın mövcud qanunvericiliyi
baxımından tam legitimm proses olsa da, arxiyepiskop Baqratın, yəni
Vazgen Qalstanyanın rəhbərliyi ilə aprelin 19-da başlanan etiraz
aksiyaları erməni revanşistlərin sakitləşmədiyini göstərir.
32 ildən bəri erməni işğalında olan 4 kəndin azad edilərək
Azərbaycana qaytarılmasına belə etiraz edən və erməni kilsəsi,
erməni diasporu, əslən Qarabağdan olan ermənilərin “qarabağlılar
klanı”nın birləşərək yaratdıqları koalisiya vasitəsilə baş nazir
Nikol Paşinyanı devirmək istəyən qüvvələr sülh sazişinə
ümumiyyətlə, isterik müqavimət göstərəcəklər.
Onların Ermənistan Konstitusiyasına və qanunvericiliyinə istinad
edərək Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünsüz
olduğunu bəyan edəcəklərini indidən təxminləmək mümkündür.
Ermənistan Konstitusiya Məhkəməsi də sülh sazişini qeyri-legitim
elan edə bilər.
Sadalanan məqamları nəzərə alsaq, rəsmi Bakı sülh sazişin
imzalanacı təqdirdə belə, Ermənistan Konstitusiyasında və
qanunlarında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı
müddəaların qalması ilə barışmayacaq. Həmin müddəalar erməni
cəmiyyətində etnik dözülməzlik, ərazi iddiaları və revanşizm
ideyalarının daimi triqqeri rolunu oynayır.
Sülh sazişinin real anlaşmaya çevrilməsi üçün Ermənistan
Konstitusiyaına dəyişikliklər olunmalıdır. Özü də mütləq
şəkildə.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edib və
ölkənin ali qanunun sülh prosesinə maneələr yaratdığını deyib.
Amma onun cəsarəti etiraf həddini keçməyib: Paşinyan indi,
etiraz aksiyalarının səngimədiyi və erməni cəmiyyətində revanşizm
duyğularının çox güclü olduğu dönəmdə Konstitusiyaya dəyişikliklər
edilməsi təklifi ilə çıxış etməkdən qorxur.
Bu qorxu və təlaş isə sonradan ger dönüşü olmayan seçimə çevrilə
bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan qərarlı olmalı, iradəli
davranmalı və revanşistlərlə millətçilərin qarşısından geri
çəkilməməlidir.
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin
imzalanması prosesi nə qədər uzanarsa, İrəvandakı hakimiyyətin
problemləri bir o qədər artacaq və sonra Paşinyan həmin
problemlərin öhdəsindən gəlməyərək yardım üçün «hami»lərinə
müraciət etməli olacaq.
Belə yardımlar isə heç vaxt təmənnasız olmur.
Ermənistanın baş naziri Nikol Paşinyan payızda Bakıda COP29
sammitinin keçiriləcəyindən yararlanaraq sülh sazişini ölkə
Konstitusiyasına dəyişikliklər etmədən imzalamaq fikrindədir.
Təsadüfi deyil ki, ABŞ, Avropa İttifaqı və Fransa da son vaxtlar
sülh sazişinin imzalanması ilə bağlı tarixi şans yarandığının
vurğulandığı bəyanatlar verir, prosesi tezləşdirməyə
çalışırlar.
Azərbaycan üçün mühüm olan məsələ sülh sazişinin imzalanmasına
yönəlmiş prosesin normal axarı və erməni revanşizminin baş
qaldırmasına imkan verəcək istənilən şərtlərin
zərərsizləşdiriliməsidir.
Nikol Paşinyan indi hakimiyyətdədir. Onu radikal, aqressiv və
revanşist bir fiqur əvəzlərsə, nə olacaq? Elə bir vəziyyəti təmin
etməliyik ki, Ermənistanda ən qatı revanşist belə, hakimiyyətə
gələrsə, Azərbaycana qarşı hər hansı ərazi iddiası üçün zəmin
tapılmamalıdır.





























