Bakı. Trend:
Ekoloji məsələnin TÜRK PA-nın iclasında gündəliyə daxil edilməsi
çox əhəmiyyətlidir.
Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin
Sədri Numan Kurtulmuş TÜRK PA-nın Bakıda keçirilən “Türk dünyası
üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin
rolu” mövzusunda 13-cü Plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu çərçivədə atılan hər bir addıma Türkiyə
dəstək verəcək.
“İqlim dəyişikliyinin insan əli ilə yaradılan bir nəticə
olduğunu görməliyik. Qanundan əlavə idrak dəyişikliyinə ehtiyac
var. Ətraf mühitin çirkələnməsi ilə ekoloji problemlərlə üz-üzə
qalırıq. İnsan əli ilə nəticələnən iqlim dəyişiklikləri bir çox
hallarda fəlakətə, böhrana gətirib çıxaracaq.
Ona görə də ilk növbədə idrakımız, zehniyyətimiz dəyişməlidir.
Dünyada nemətlərin ədalətli istifadə olunmaması ciddi problemlər
yaradır. Balans və ədalət prinsipini qurmaq vacibdir. Bu
ədalətsizlik sosial vəziyyətə və siyasətə də sirayət edən bir
məsələdir.
Ədalətli bir qlobal sistemin olmaması ağır nəticələrə səbəb
olur. Bu çərçivədə türk dünyası olaraq üzərimizə düşən işləri
görməliyik. Bəzi beynəlxalq müqavilələr olmasına baxmayaraq, bəzi
geniş imkanlara malik ölkələr ətraf mühitə laqeyd yanaşır”, – deyə
o əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının
(TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri
Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan
Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri
Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri
Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının
sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR)
Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin
müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq
təşkilatlarının nümayəndələri iştirak edir.





























