Advertisement

“Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşəbbüslərinin müzakirəsinə həsr olunan beynəlxalq tədbir keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi
və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC)
təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu
formalaşdırmaq və “OGDC”nin ambisiyalarını həyata keçirmək”
mövzusunda beynəlxalq tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə SOCAR, bp, “Saudi Aramco”,
“ADNOC”, “Petronas”, “TotalEnergies”, “ExxonMobil” kimi beynəlxalq
enerji şirkətlərinin, “Ətraf Mühitin Mühafizəsi Fondu”nun (EDF),
Beynəlxalq neft-qaz sənayesində ətraf mühitin mühafizəsi
Assosiasiyasının (IPIECA), Beynəlxalq Enerji Agentliyinin (IEA),
Dünya Bankı kimi nüfuzlu təşkilatların, həmçinin “WOOD”, “Baker
Hughes”, “SLB”, “Uniper”, “Mitsubishi Corporation”, “Honeywell”,
“Fortescue”, “Bain & Company”, “Boston Consulting Group”, “Wolters
Kluwer Enablon” kimi bir sıra tanınmış şirkətlərin rəhbər şəxsləri
iştirak ediblər.

İlk öncə “OGDC” barədə ətraflı məlumat verilib, təşkilatın
inkişafı, gələcək hədəfləri, habelə əhatə dairəsinin
genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb. Qlobal
miqyasda neft-qaz şirkətlərinin dekarbonizasiya fəaliyyətinə
“OGDC”-nin təşəbbüslərinin təsiri, Xartiya üzvləri tərəfindən
emissiyaların azaldılması istiqamətində əldə olunan nailiyyətlər
barədə məlumat verilib, mövzu üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı üzv təşkilatların 2050-ci ilə qədər neft-qaz
əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə,
“xalis sıfır”a nail olunması “OGDC”-nin əsas hədəfi kimi qeyd
olunub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf panel sessiyasında çıxış
edərək, şirkətin dekarbonizasiya hədəfləri, enerji keçidi və
davamlı inkişafın təmin olunmasına dair fəaliyyəti, emissiyaların
azaldılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan
layihələr barədə məlumat verib. Rövşən Nəcəf COP29 ərəfəsində
“OGDC” tədbirinin SOCAR-ın dəstəyi ilə Bakıda keçirilməsinə dair
şirkətin təşəbbüsün, iqlim dəyişmələri ilə mübarizə və bu sahədə
qlobal çağırışlara həssas yanaşmanın göstəricisi olduğunu qeyd
edib.

Tədbirdə “OGDC”nin fəaliyyətinə göstərilən diqqətə görə
minnətdarlıq bildirilib, bu kimi tədbirlərin Xartiyanın icrasına
önəmli töhfələr verəcəyi, habelə əməkdaşlığın möhkəmləndirilməsində
mühüm rol oynayacağı vurğulanıb.

Qeyd etmək istərdik ki, SOCAR 2023-cü ildə COP28 zamanı irəli
sürülmüş “OGDC” Xartiyasının həmtəsisçilərindən biri olmaqla,
Xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir.
OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail
olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları
üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat
prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri
özündə əks etdirir.