Advertisement

Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın gündəliyində mühüm yer tutur – Spiker

Bakı. Trend:

Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın gündəliyində
mühüm yer tutur. Bu, ölkəmizin 2030-cu ilə qədər yeni inkişaf
strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən
edilib.

Trend xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə
Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl
Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna
həsr olunmuş 13-cü plenar iclasında səsləndirib.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”
elan edildiyini xatırladan spiker Sahibə Qafarova qeyd edib ki, son
illərdə ölkəmizdə enerji təchizatında bərpa olunan enerjinin
payının əhəmiyyətli dərəcədə artırılması istiqamətində mühüm
addımlar atılıb. İki gün əvvəl Bakı Enerji Həftəsi çərçivəsində
xarici tərəfdaşlarla birlikdə daha bir külək və iki günəş elektrik
stansiyalarının təməli qoyulub. Bu da Azərbaycanın 2030-cu ilə
qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin
payının 30 faizə çatdırılması hədəfinin reallaşmasında mühüm rol
oynayacaq.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan
azad edilmiş əraziləri də yaşıl enerji üzrə müəyyən edilmiş
strateji baxışın diqqət mərkəzindədir. O, təəssüflə vurğulayıb ki,
ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də
ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb,
təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çayları
çirkləndirib. Spiker, bu gün həmin ərazilərin Azərbaycan Prezidenti
tərəfindən “Yaşıl Enerji Zonası” elan edildiyini, aparılan
yenidənqurma və bərpa işlərində “ağıllı şəhər və kənd”, “sıfır
emissiya”, “sıfır tullantı” yanaşmaları tətbiq edildiyini,
ekosistemin bərpa olunduğunu bildirib.