
Bakı. Trend:
Çoxsaylı araşdırmalara baxmayaraq, diqqət çatışmazlığı və
hiperaktiv pozuntunun spesifik səbəbləri yoxdur. Buna genetik,
neyroanatomik, neyrofizioloji, biokimyəvi, psixososial amillərin
təsiri ehtimal olunur. Bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort
Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova deyib.
Trend F.Məmmədova ilə müsahibəni təqdim edir:
– İlk olaraq diqqət çatışmazlığı və hiperaktiv pozuntu
barəsində məlumat verərdiniz…
– Müasir dövrdə rast gəlinən diqqət çatışmazlığı ilə müşahidə
olunan hiperaktivlik aktual pozuntusu tibbi-sosial məsələlərdən
biridir. Diqqət çatışmazlığı və hiperaktiv pozuntu (DÇHP) uşaqların
MSS (mərkəzi sinir sistemi) yetkinləşməsinin ləngiməsi, beyin
funksiyalarının formalaşması, yeni yaşam şəraitinə uyğunlaşma və
idrak fəaliyyətində çətinliklərə səbəb olur. Təxminən 2-3
yaşlarında uşaq ayaq açmağa başladıqda hərəkət funksiyalarında
özünü büruzə verir.
– Uşağa diqqət əskikliyi və hiperaktivlik sindromu
diaqnozu nə vaxt qoyulur?
– Diaqnoz məktəbəqədər və ilk məktəb illərində qoyulur.
Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan
hərəkətlilik azalır. Diqqət əskikliyi və hiperaktivlik sindromu
(DƏHS) olan uşaqlar kompleks fəaliyyətlərini planlaşdırmaq və
təşkil etməkdə çətinlik çəkirlər. DƏHS diaqnozu qoyulan insanlarda
yuxu və narahatlıq pozğunluqları da olur.
Diqqət çatışmazlığı və hiperaktiv pozuntu olan insanlar impulsiv
davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Bu vəziyyət uşaqda
təhsil almaqda geriləməyə səbəb olur.
– Diqqət çatışmazlığı və hiperaktiv pozuntunun yaranma
səbəbi nədir?
– Çoxsaylı araşdırmalara baxmayaraq, diqqət çatışmazlığı və
hiperaktiv pozuntunun spesifik səbəbləri yoxdur. Buna genetik,
neyroanatomik, neyrofizioloji, biokimyəvi, psixososial amillərin
təsiri ehtimal olunur. Pozuntu patogenezində genetik meylin
həlledici rolunu oynayır, lakin problemin davametmə müddətində isə
ona uyğun gələn simptomlarla bağlı olur.
– Diqqət çatışmazlığı və hiperaktiv pozuntunun
mövcudluğu necə müəyyən edilir?
– Diqqətsizlik meyarlarına fikirləri toparlamamaq və uzun
müddətli zehni əmək tələb edən işləri yerinə yetirməkdə çətinlik
çəkmək, unutqanlıq, şəxsi əşyaların itməsi və s. aid etmək
olar.
İmpulsivlik ilə bağlı qarşılaşa bilinəcək situasiyalara isə verilən
sualları tam dinləmədən cavablandırmaq, növbə gözləməkdə çətinlik
çəkmək və başqalarının sözünü kəsmək daxildir.
Hiperaktivlik ilə bağlı qarşılaşıla bilinəcək amillərə isə çox
danışmaq, davamlı hərəkət halında olmaq və s. aiddir.
– Diqqət əskikliyi və hiperaktivlik sindromu necə
müalicə olunur?
– Hər bir hal üçün optimal müalicə fərqlidir. Düzgün aparılan
korreksiya normallaşma ilə nəticələnir. Korreksiya işləri uşağın
özünüqiymətləndirmə, yeni bacarıqların mənimsənilməsi, ailədəki
vəziyyət, valideynlər və digər insanlarla münasibətlərı, məktəb
müəllimləri ilə əlaqə qurmaq, başladığı işi planlaşdırmaq və başa
çatdırmaq bacarığını aşılamaq, düzgün nitq ünsiyyəti və s.
məsələlərin həllinə yönəldilməlidir.
– Diqqət çatışmazlığı və hiperaktiv pozuntusu
inkişafının səbəblərini mümkün qədər necə aradan qaldırmaq
olar?
– DÇHP olan uşaqlar və yeniyetmələr mütləq psixiatr
müayinəsindən keçməlidirlər. Psixiatrın müəyyən etdiyi müalicə
psixoloqun və ailənin dəstəyi ilə birlikdə daha yaxşı nəticə verir.
Psixiatr və psixoloqun birlikdə müalicəsi nəticəsində uşağın
diqqətini toplamağa kömək edə və impulsivliyini azaldaraq
davranışda daha az müşahidə olunmasına səbəb ola bilər.
Psixoloq sistemli şəkildə bu çatışmazlıqların korreksiyası ilə
məşğul olur. İlk olaraq diqqətin korreksiyasından başlamaq
lazımdır. Müəllim və valideynlər bilməlidir ki, diqqət inkişaf
etdirilməsindən uşaqdan sakit və qeyri-impulsiv olmasını gözləmək
olmaz. Çünki hiperaktiv uşaqdan eyni zamanda sakit, diqqətli olmaq,
həm də davranışlarını idarə etmək çətindir.
Bundan əlavə, diafraqma ilə nəfəs almağı və nəfəsə nəzarət
etməyi öyrənmək üçün həm onların fiziki, həm də emosional
sağlamlıqlarına müsbət təsir edəcək.
– Əlavə olaraq hansı məqamlara diqqət etmək
lazımdır?
– Psixoloq valideynlərə uşaq haqqında məlumat verməli, eyni
zamanda onları maarifləndirməlidir. Öz növbəsində, valideynlər də
uşaq haqqında müəllimi məlumatlandırmalıdırlar.
Uşağın müsbət davranışlarını mükafatlandırmaq lazımdır. Hər
dərsdə fiziki tapşırıqlar verilməlidir. Məsələn, löhvəni silmək,
gülləri sulamaq, sinifin jurnalını gətirmək və s.
Yerində durmadıqları, sakit oturmadıqları, çox hərəkətli
olduqları üçün bu uşaqların böyüklərin tez-tez “etmə”, “olmaz”,
“dəymə” “tərpənmə” sözlərinə məruz qalması bu davranışlarını daha
da möhkəmləndirir. Sabit rejim yaradılmalıdır. Qaydalar müəyyən
edilərkən uşağın davranışlarına qarşı daim tutarlı reaksiyalar
verilməlidir. Uşaqlara qaydalar anlaya bildikləri, xatırlaya
biləcəkləri şəkildə müəyyən edilməlidir. Hətta uşaqlardan
gözlədiyiniz davranışları diqqətlərini çəkəcək şəkildə kağıza
yazıb, rahat görə biləcəkləri bir yerə asa bilərsiniz. Bu, onların
nə etməli olduqlarına kömək edəcək.
Psixiatrın və psixoloqun birgə işləməsindən əlavə, valideynin
uşağa evdə və məktəbdə müəllimin uşağa yanaşma təsiri də önəmlidir.
Birgə aparılan iş effektiv təsir göstərir.
Psixiatr, psixoloq, valideyn və müəllimin birgə işi diqqət
əskikliyi və hiperaktiv pozuntusunun aradan qalxması üçün ən
effektiv üsuldur.
– Bu pozuntu ancaq uşaq və yeniyetmələrdə müşahidə
olunur?
– Böyüklərdə və uşaqlarda gündəlik həyatda zaman-zaman bir
vəziyyətə, hadisəyə laqeydlik, konsentrasiyanın itirilməsi,
diqqətsizlik və ya unutma kimi davranış reaksiyaları müşahidə oluna
bilər. Bu reaksiyalar adətən insanın həyatında baş verən psixoloji
və bioloji təsirlərə əsaslanır.
Adətən buna səbəb olan vəziyyətlər aradan qalxdıqda, insan
əvvəlki vəziyyətinə qayıdır. Ancaq bu reaksiyalar yaşandıqca,
uşaqlıqdan yetkinliyə qədər davam edə bilən diqqət çatışmazlığı və
hiperaktivlik pozğunluğu ilə tez-tez qarışdırılır.
Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu tibb və psixologiya
sahələrində “həddindən artıq və impulsiv fəaliyyət, anlama
pozğunluğu və diqqəti cəmləyə bilməmə, fəaliyyət pozğunluğu” kimi
müəyyən edilir.
– Yeniyetmələrdə diqqət əskikliyi və hiperaktivlik
sindromunun ən çox görülən simptomları hansılardır?
– Yeniyetmələrdə DƏHS-nin ən çox görülən simptomları və
əlamətləri arasında diqqəti tapşırıqlara cəmləməmək və onları
tamamlaya bilməmək və s. bu kimi amillər daxildir.
Eyni şəkildə işləyə bilməmə, məhsuldarlığın itirilməsi,
səmərəsiz vaxt planlanması da görülə bilər. Bu, insanın öz
düşüncəsinə fokuslana bilməməsindən irəli gəlir. Nevroloji
müalicələr və psixokorreksiya nəticəsində bu çatışmazlığı aradan
qaldırmaq mümkündür.





























