Advertisement

COP29 QHT-lər üçün geniş əməkdaşlıq imkanları açır – AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi
ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizə strategiyasını
nümayiş etdirir.

Trend xəbər verir ki, bu barədə “Alternativ” Kommunikasiya və
Tədqiqatlar İctimai Birliyinin açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, Azərbaycan ekoloji problemlərin
həllinə, ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir, bu
istiqamətdə davamlı tədbirlər görülür:

“Yaşıl texnologiyalara, innovasiyaların tətbiqinə, enerji
səmərəliliyinə və ekoloji cəhətdən təmiz təcrübələrə sərmayə
qoyulması və onların təşviqi ətraf mühitin qorunmasına öz töhfəsini
verir. Ölkənin istixana qazlarının tullantılarını azaltmaq səyləri,
bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməsi, azad
olunan ərazilərin “yaşıl zona”ya çevirilməsi müsbət addımlar kimi
qiymətləndirilə bilər. Azərbaycan emissiya hədəflərini
müəyyənləşdirən və davamlı təcrübələri təşviq edən hərtərəfli və
möhkəm qanunvericiliyə malikdir.

Beynəlxalq sazişlərdə və əməkdaşlıqlarda fəal iştirak iqlim
dəyişikliyi ilə mübarizədə qlobal səylərə sadiqliyi əks etdirir. Bu
baxımdan Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyinin
azaldılmasına və yaşıl təcrübələrin təşviqinə mühüm töhfə
verəcək.

80 minə qədər nümayəndənin iştirak edəcəyi COP29 tədbiri
Azərbaycanın ekoloji məsələlərdə əldə etdiyi naliyyətlərin nümayişi
ilə yanaşı, Ermənistanın işğal dövründə Qarabağda törətdiyi ekoloji
soyqırımla bağlı bütün dünyanı məlumatlandırmaq üçün mühüm
formatdır.

Ermənilər 30 ilə yaxın işğal altında olan ərazilərimizdə
meşələrimizi qırıb, nadir və qiymətli ağac növlərini məhv edib,
çaylarımızı zərərli tullantılarla çirkləndirib, su anbarlarımızı
dağıdıb, biomüxtəlifliyə, təbiət abidələrimizə böyük zərbə vurub.
COP29 tədbiri həm də bu həqiqətləri dünyaya yayacaq”, – deyə
açıqlamada vurğulanır.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İB hesab edir ki,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP29
Təşkilat Komitəsində təmsil olunması vətəndaş cəmiyyətinin bu
prosesdə fəal iştirakına yol açacaq:

“Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə
keçirilən çoxsaylı beynəlxalq tədbirləri və ekoloji məsələlərlə
bağlı icra edilən uğurlu layihələri nəzərə alsaq, Qeyri-Hökumət
Təşkilatları Azərbaycanda keçiriləcək COP29 tədbirinə mühüm töhfə
verəcək. Vətəndaş cəmiyyəti üzvlərinin dəstəyilə ekoloji
problemlərin həlli üçün birlikdə mühüm addımlar atılacaq, qarşıya
qoyulan hədəflərə uğurla nail olunacaq”.

Açıqlamada həmçinin deyilir ki, belə bir tədbirdə fəal iştirak
etmək Qeyri-Hökumət Təşkilatları üçün geniş əməkdaşlıq imkanları
açır:

“Dünyanın hər yerindən ekspertlərin və maraqlı tərəflərin bir
araya gəlməsi vətəndaş cəmiyyəti üzvlərinin beynəlxalq əməkdaşlığı
inkişaf etdirməsinə, bilik və təcrübə mübadiləsi aparmasına,
beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmasına kömək edəcək. Ona
görə də, ictimai birliklər bu konfransdan mühüm əməkdaşlıq
platforması kimi yararlana biləcəklər”.