Advertisement

Ermənistan Azərbaycanın irəli sürdüyü prioritetləri dəstəkləmək məcburiyyətindədir – ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyevin Ermənistana Konstitusiyanı dəyişdirməsi
üçün tələbini bir daha xatırlatması İrəvandan səslənən son bəyanat
fonunda diqqət çəkir.

Bunu Trend
açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, iyunun 4-də Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyan parlamentdə çıxış edərkən bildirmişdi ki,
həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında
uzunmüddətli sülhün bərqərar olması üçün maneələr görür.

“İrəvandan verilən bu açıqlama Azərbaycanın tələblərinə qarşı
beynəlxalq rəyin nəbzini yoxlamayıb dəstək qazanmağa
hesablanıb.

Ermənistan paralel olaraq, Azərbaycanı da analoji dəyişikliyə
çağırır, amma bunun heç bir məntiqi yoxdur və absurd bir yanaşmaya
söykənir

Birincisi ona görə ki, Azərbaycan Konstitusiyasında hansısa
qonşu dövlətin ərazilərinə iddialar yoxdur, sadəcə olaraq hər bir
dövlətdə olduğu kimi ölkənin müdafiə qabiliyyəti, təhlükəsizliyi
ilə əlaqədar ümumi yanaşmalar var.

Ancaq Ermənistanın Konstitusiyasındakı istinad nöqtələrində
Azərbaycan, Türkiyəyə qarşı ərazi iddialarından tutmuş erməni
revanşist ideologiyasını təbliğ edən nüanslar mövcuddur.

İkincisi, Ermənistan sülh gündəliyinə həqiqətən sadiqdirsə,
Azərbaycanın irəli sürdüyü fenomen və prioritetləri dəstəkləmək
məcburiyyətindədir. Prezident İlham Əliyevin açıqlaması göstərir
ki, Ermənistanda da Konstitusiya dəyişikliyi Azərbaycanın Cənubi
Qafqazda yaratdığı geosiyasi reallıqlar fonunda İrəvanın üzləşdiyi
məcburi çağırışdır. Prezident İlham Əliyev regional sülh və
təhlükəsizliyin parlaq gələcəyini təmin etməkdən ötrü Ermənistana
bu zərurətləri xatırladır.

Mən hesab edirəm ki, Ermənistan gec-tez regional şəraitə
uyğunlaşmaqdan ötrü Konstitusiya dəyişikliyinə gedəcək. Bu,
İrəvanın regiondakı əməkdaşlıq platformasına transformasiyası üçün
lazımdır, əks təqdirdə, İrəvan Bakının tələb və şərtləri əsasında
regional layihələrə yalnız kənardan baxmalı olacaq”, – deyə şərhçi
qeyd edib.