
Bakı. Trend:
“Son illərdə Azərbaycanda keçirilən bu cür mötəbər
və dünya əhəmiyyətli tədbirlər kimi Bakı Enerji Həftəsinin də
ölkəmiz üçün çox böyük önəmi var”.
Trend xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini,
siyasi şərhçi Sahil Kərimli deyib.
Siyasi təhlilçi 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı
Enerji Həftəsi çərçivəsində keçirilmiş 29-cu Beynəlxalq Xəzər Neft
və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika
və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin əhəmiyyətindən söz
açıb.
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın nəhəng qlobal
enerji layihələrinə müəlliflik etməsi, bu layihələri çox uğurla,
peşəkarlıqla həyata keçirməsi, eyni zamanda, Azərbaycanın dünyanın
enerji təhlükəsizliyinə verdiyi töhfə, Avropanın enerji təminatı
istiqamətində həyata keçirdiyi çox böyük layihələr ölkəmizin
dünyada artan nüfuzunu daha da yüksəldir:
“Bu gün dünyanın aparıcı gücləri, ən nəhəng ölkələri
Azərbaycanın gücü və qüdrəti ilə hesablaşırlar. Azərbaycana olan
inam, etimad, etibar və hörmət daha da artır. Son illərdə
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi enerji
siyasəti və eyni zamanda, dünyanın enerji təminatı istiqamətində
həyata keçirilən tədbirlər, habelə siyasət bu gün öz müsbət
bəhrələrini verir. Artıq dünyanın əsas gücləri Azərbaycanı Cənubi
Qafqazın lider ölkəsi kimi tanımağa məcbur olurlar. Azərbaycan öz
siyasəti ilə bölgədə yaratdığı reallıqları, yaxşı mənada, dünyaya
diktə edir. Bu istiqamətdə ölkəmiz çox müsbət həm siyasi, həm də
iqtisadi dividentlər qazanır və öz hesabına bu dividentləri
yazır”.





























