Bakı. Trend:
Ağdaşda bələdiyyə sədri və MMC direktorunun qanunsuz əməlləri
ifşa edilib.
Trend xəbər verir ki, Ağdaş Rayon Prokurorluğunun məlumatında
deyilir.
Bildirilib ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri
Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi
yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti
aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru
Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan
kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti
işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə
əsaslı şübhələr müəyyən edilib.
Ağdaş Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə
bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli
miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə
və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini
aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib,
barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas)
və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Bundan başqa, “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə
Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə
minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb
edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq
üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü
(vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində
cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
həbs qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli
halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam
etdirilir.





























