Bakı. Trend:
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının
musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər
nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə
bəyanat yayıb.
Trend xəbər verir ki, bəyanatda bildirilib ki, bəstəkarı Üzeyir
Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir
hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu
“Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında
yerləşdirilib. Sözügedən mənimsəmə halı haqlı olaraq Azərbaycan
cəmiyyəti tərəfindən kütləvi etiraza səbəb olub.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili
komediyasının (“Komediya”) musiqisini 1910-cu ildə, “Dörd məclisli
musiqili komediya” adlı librettosunu 1913-cü ildə yazıb. Komediya
1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tağıyev teatrında
şəhnələşdirilmiş və ictimaiyyət tərəfindən böyük rəğbətlə
qarşılanıb.Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslim
Maqomayev olub:
“Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və
librettosunun müəllifi olması ümumqəbuledilmiş faktdır, onu sübut
edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa
afişaları, not yazıları və s. sənədlər mövcuddur. 2. Komediyanın
librettosu bir çox dillərə tərcümə olunaraq, komediya müxtəlif
ölkələrin səhnələrində tamaşaya qoyulmuşdur. 3. Komediyanın
əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən
eyniadlı film çəkilmişdir. Filmin ssenari müəllifi Sabit Rəhman,
rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru böyük Azərbaycan
bəstəkarı Fikrət Əmirovdur”.
Vurğulanıb ki, BMT üzvü olan Ermənistan iştirak etdiyi
beynəlxalq müqavilələr vasitəsilə əqli mülkiyyət hüquqlarının
qorunması ilə bağlı üzərinə götürdüyü çoxsaylı vəzifə və
öhdəliklərini yerinə yetirmir, digər məsələlərdə olduğu kimi, əqli
mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə
pozmaqda davam edir:
“Ermənistan müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O
olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin yuxarıda qeyd
edilən mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir
Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsini, habelə
Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri
tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi
nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili
surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq hüquqa və
daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb
etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb
edirik”, – deyə məlumatda bildirilib.





























