Bakı. Trend:
Şahzadə Harri Birləşmiş Krallığa səfəri zamanı şəxsi
mühafizəsinin səviyyəsinin azaldılması ilə bağlı qərara qarşı
apellyasiya şikayəti verə biləcək.
Trend xəbər verir ki, 2020-ci ilin fevralında Kral Ailəsinin
üzvləri üçün təhlükəsizlik tədbirləri təmin edən Kral İcra Komitəsi
Şahzadə Harrinin Britaniya səfərləri zamanı mühafizəsinin
səviyyəsini azaltmaq barədə qərar qəbul edib.
Şahzadə bu qərardan şikayət etsə də, bu ilin fevralında
Britaniya Ali Məhkəməsi bu qərarın qanuni olduğuna hökm verib və
Harrinin iddiasını rədd edib. Apreldə isə Ali Məhkəmə ona bu
qərarla bağlı apellyasiya şikayəti etmək icazəsi verməyib.
Lakin şahzadənin Apellyasiya Məhkəməsinə müraciətindən sonra ona
Britaniya Ali Məhkəməsinin qərarına etiraz etmək hüququ verilib.
Apellyasiya Məhkəməsi Harrinin vəkillərinin birbaşa müraciətindən
sonra onun etirazını dinləyəcəyini bildirib.
Qeyd edək ki, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl
“sarı mətbuat”ın artan və çox vaxt qərəzli ittihamlarından yayınmaq
üçün 2020-ci il martın 31-də könüllü olaraq Kral ailəsinin üzvü
statusundan imtina ediblər. Onlar hazırda ABŞ-da yaşayırlar.





























