Advertisement

Mina terroru bütövlükdə regionun təhlükəsizliyinə ciddi təhdid yaradır

Bakı. Trend:

Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik
rejiminin bərqərar olunması istiqamətində ən ciddi maneələrdən biri
də Ermənistanın Azərbaycana qarşı davam edən mina terrorudur.
Üzləşdiyimiz humanitar fəlakət miqyaslı belə təhdidin qarşısının
alınması, minalarla çirklənmənin ətraf mühitə təsirinin azaldılması
üçün ən səmərəli vasitələrdən biri də beynəlxlaq ictimaiyyətin və
beynəlxalq təşkilatların dəstəyinin və maliyyə resurslarının
səfərbər olunmasıdır. Bu fəaliyyətin əsas hədəfi vətəndaşlarımızın
həyatlarının qorunması və ətraf mühitin sağlamlaşdırılmasıdır.

Şübhəsiz ki, minalar və digər partlayıcı qurğular ilk növbədə
mülki əhalinin təhlükəsizliyinə qarşı yönələn ən kəskin problemdir.
İkinci Qarabağ müharibəsinin başa çatmasından bu günədək 212 mina
partlayışı nəticəsində 361 şəxs zərər çəkib, onlardan 68 həlak
olmuş, 293 isə ağır yaralanmışdır. Ümumilikdə isə işğal dövrünün
statistikası göstərir ki, mina qurbanlarının sayı 3435 nəfərdir.
Ermənistan tərəfindən dürüst mina xəritələrinin Azərbaycan tərəfinə
təqdim edilməməsi minatəmizləmə işlərini həddindən artıq
çətinləşdirərək, 800 min məcburi köçkünün öz doğma yurdalrına
qayıtmalarına maneələr yaradır.

Minaların yaratdığl digər ciddi problem ekoloji sistemlə
bağlıdır. Otuz ilə yaxın davam edən işğaldan sonra azad edilmiş
ərazilərimizin 10 min 285 kvadratkilometri mina və digər partlayıcı
qurğularla çirklənməyə məruz qalmışdır. Uzun müddət torpaq altında
olan və hələ də zərərsizləşdirilməmiş minalar kimyəvi reaksiyalar
nəticəsində ətraf mühitə zərər verir, onların partlayışları isə
plastik tullantılarla ərazilərimizin çirklənmısinə gətirib çıxarır.
Bundan başqa minalanma nəticəsində istifadəsiz qalan torpaqlarda
surətli eroziya prosesləri müşahidə edilir.

Dövlətimizin müvafiq strukturlarının ardıcıl səyləri nəticəsində
təxminən 140 min hektar sahə 119 min 946 mina və müxtəlif
partlayıcı qurğulardan təmizlənmişdir. Minatəmizləmə fəaliyyətinin
müvəffəqiyyətlə davam etdirilməsi ətraf mühitin bərpası və BMT-nin
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ücün münbit şərait
yaratmaqla, eyni zamanda Azərbaycanda bu ilin noyabr ayında
keçiriləcək COP29 məqsədlərinə uyğun qeyd edilən fəaliyyətin iqlim
dəyişikliklərinin qarşısının alınması səyləri ilə inteqrasiyasını,
işğaldan azad olunan ərazilərimizdə yaşıl enerji zonasının
formalaşmasına ciddi təkan verəcək.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü