
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının
məsul şəxsləri ilə birlikdə Mollabürhanlı kəndində səyyar qəbul
keçirib.
Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan
Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba,
Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak
edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri,
yeni subartezian quyusunun qazılamsı və torpaq sahəsinin
sənədləşdirilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.
Səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev Mollabürhanlı kəndində yeni inşa olunan modul tipli məktəb
binasına baxış keçirib. 80 yerlik təhsil ocağında tədrisin günün
tələbləri səviyyəsində təşkili üçün lazımı şərait yaradılıb. Yeni
məktəbin növbəti dərs ilindən istifadəyə verilməsi
planlaşdırılır.





























