Advertisement

Mastercard tezliklə Azərbaycanda süni intellektə əsaslanan yeni xidmət platforması təqdim edəcək (ÖZƏL)

Bakı. Trend:

Mastercard tezliklə Azərbaycanda süni intellektə (AI) əsaslanan
yeni xidmət platforması təqdim edəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində Mastercard-ın Azərbaycan
üzrə regional meneceri Emil Zeynalov deyib.

“Süni intellekt yeni olmaqla yanaşı, həm də çox populyar və
sürətlə inkişaf edən tendensiyadır”, – deyə Emil Zeynalov qeyd
edib.

Onun sözlərinə görə, Mastercard süni intellekti öz
texnologiyalarına, o cümlədən Azərbaycan bazarında təqdim olunacaq
texnologiyalara inteqrasiya edir.

“Yaxın vaxtlarda istifadəçilərimizə süni intellekt platforması
əsasında yeni xidmətlər təklif etməyi planlaşdırırıq. Bu xidmətlər
kart əməliyyatlarında kibertəhlükəsizlik, kibercinayətkarlıq və
fırıldaqçılıqla mübarizəyə yönəldiləcək və yeni xidmətə hər bir
əməliyyat üçün qiymətləndirmə daxil olacaq. Tərəfdaşlarımız
əməliyyatların təhlükəsizliyini qiymətləndirmək və kart sahibləri
üçün yüksək səviyyədə müdafiəni təmin etmək üçün bu
qiymətləndirmədən istifadə edə biləcəklər”, – Emil Zeynalov əlavə
edib.

Qeyd edək ki, Mastercard kredit, debet və öncədən ödənişli
kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq
ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış
nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. Mastercard
həmçinin banklara, ticarət qurumlarına və digər maliyyə
institutlarına texnoloji həllər təqdim edir. Mastercard kartları
bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o
cümlədən mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar,
bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları
üçün istifadə olunur.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun