Advertisement

Prezident İlham Əliyev Misir Prezidentini COP29-a dəvət edib

Qahirə. Trend:

Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına
dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir.


Trend
xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham
Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata
bəyanatında səsləndirib.

“Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə
verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul
etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi
dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi
dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini
Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim
dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27
sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu
münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu
sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim
nümayəndələrimiz daim təmasdadırlar”, – dövlət başçısı qeyd
edib.