Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış
kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli
Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
altımərtəbəli mansard tipli yaşayış binasının 4-cü mərtəbəsində
yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər
mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü
mərtəbəsində ümumi sahəsi 60kv.m. olan ikiotaqlı mənzilin 1
otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb, yüksək
temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və
tavanı 5kv.m. sahədə deformasiya edib.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62
nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.

























