Advertisement

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir (VİDEO)

Bakı. Trend:

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir.

Trend xəbər verir ki, Goran dəmir yolu stansiyasında 50 yük
platformasına 60 avtomobil, Bərdə dəmir yolu stansiyasında isə 8
platformaya 12 yanacaq çəni yüklənərək Rusiya istiqamətinə yola
salınıb.

Hazırda Goranda daha 67 avtomobil yüklənməyə hazırlanır.

Qeyd edək ki, apreldə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov
Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını
təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya
sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə
məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası
sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl
çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar
qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya
Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq
tədbirləri həyata keçirirlər.

Xatırladaq ki, 19 aprel Azərbaycan-Ermənistan münasibətlərinin
tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların
nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini
Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə
delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına
dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən
siyasətinin növbəti qələbəsi oldu.