
Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı “Müşahidə olunmayan arzular” adlı
qrup sərgisini təqdim edir.
Ekspozisiya YARAT-ın kolleksiyasında saxlanılan, həmçinin
YARAT-ın sifarişi ilə müxtəlif illərdə hazırlanan və əməkdaşlıq
layihələri çərçivəsində ərsəyə gələn – Zamir Süleymanov, Emin
Əzizbəyli, Şəlalə Salamzadə, Rəsul Quliyev, Vaciko Çaçxiani, Ritz
Mone və Timo Herbstin videoəsərlərini bir araya gətirir.
“Müşahidə olunmayan arzular” qrup sərgisi cəmiyyətin müxtəlif
reallıqlarına və onlardan qaynaqlanan təzadlı arzuların üzərinə
fokuslanır. Sərgi sürətli dəyişikliklər və gözlənilməz çağırışlarla
zəngin olan müasir dünyada sosial dəyərlərin və iqtisadi rifahın
hansı şərtlərdə böhranlarla əvəz olunduğunu və bu dəyişikliklərin
cəmiyyətin fərqli təbəqələrinə necə təsir etdiyini araşdırır. Bu
prosesin nəticəsi olaraq cəmiyyətin daha incə və mürəkkəb mənzərəsi
ortaya çıxır ki, bu da onun həssas və müxtəlif yönlərini əks
etdirir.
Mifoloji istinadları müasir reallıqlara adaptasiya edən
rəssamlar videoəsərlərindəki qəhrəmanlarının “müşahidə olunmayan”
arzularını “səsləndirməyə” çalışırlar. Ekspozisiyanı başlayan
Şəlalə Salamzadənin 2021-ci ildə “Günəş şəhəri” adlı qrup sərgisi
üçün Azərbaycan mifologiyasına söykənərək hazırladığı “Distopiya”
videosunda arzuolunmayan məkandan (distopiya) qovulan insanların
mütləq arzuolunan məkana (utopiya) qayıtmalı olduğunu bildirir.
Rəsul Quliyevin eyni sərgidə yer alan “Sonsuz yarış” adlı
3-kanallı videosu “Pandoranın qutusu” əfsanəsinə əsaslanaraq
çəkilib və ümidin insanları heç vaxt bitməyən yarışa məcbur
etməsindən bəhs edir. 2019-cu ildə YARAT-ın rezidenti olmuş
italiyalı rəssam Ritz Mone 2-kanallı videosunda pullar vasitəsilə
avrozonanın bütün xalqlarını birləşdirə biləcək kollektiv arzu
haqqındakı düşüncələri paylaşaraq sovet illərində ittifaq boyunca
tikilmiş eynitipli memarlıq və heykəltəraşlıq abidələri ilə paralel
aparır. YARAT-ın digər rezidenti olmuş almaniyalı rəssam Timo
Herbst “Baku/Bakı – Ana dili” adlı videosunda cəmiyyətin
diferensiallaşdırılmış və həssas obrazını yaradır.
Gürcü rəssamı Vaciko Çaçxianinin “Titrəyən ürək” filmi məşhur
gürcü nağılına müraciət edir – ailə, milli mənsubiyyət və kimlik
anlayışlarına yoxlanılmadan daxil olan nağılları dərindən
araşdırır. Ekspozisiyanı tamamlayan YARAT-ın kolleksiyasından Zamir
Süleymanovla Emin Əzizbəylinin həmmüəllif olduqları “Astar” adlı
videosu, gənc oğlan simasında Azərbaycan gəncliyinin xəyali
həyatının “iç üzünü” açaraq həyatın müəyyən anında – arzu və
ümidlərin tükəndiyi zaman gələn ümidsizlik mövzusunu
səsləndirir.
Açılış: 13 iyun / 19:00
Məkan: YARAT Mərkəzi, 2-ci mərtəbə





























