
Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı multidissiplinar rəssam Aydan
Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir.
“Sükutun səsləri” Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey
sərgisidir. YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal
müstəvidə aktual olan məişət zorakılığı problemi və onun
qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət
zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların
qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından
yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və
bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.
Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son
12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin
xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca
“danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu
problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik
əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad
yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli
qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayır.
“Sükutun səsləri” instalyasiyası ümid və xatirə simvoluna
çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla
mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs
üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ
edən – dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət
zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və
zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət
edir.
Aydan Salahova (d. 1964, Moskva) rəssam,
heykəltəraş və pedaqoq. 1987-ci ildə V.İ. Surikov adına Moskva
Dövlət Akademik İncəsənət İnstitutu bitirib. 1988-ci ildən SSRİ
Rəssamlar İttifaqının üzvü olmuşdur. Aydan Salahova Moskvada açılan
ilk müasir incəsənət qalereyası sayılan “Pervaya Qalereya”-nın həm
təşkilatçılarından, həm də həmmüəlliflərindən biri idi (1989-1992).
Daha sonra, 1992-2012-ci illərdə fəaliyyət göstərən “Aydan”
qalereyasının təsisçisi olmuşdur.
Rəssam 2002-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş
medalına layiq görülüb. 2002-2007-ci illərdə Rusiya Rəssamlıq
Akademiyasının müxbir üzvü, 2007-ci ildən isə həqiqi üzvü
seçilmişdir. Aydan Salahova yaradıcılığında Şərqlə Qərbin
qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın
başlanğıcları, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki
obrazı mövzularını araşdırır. Rəssamın “L’escala daurada”
(Imaginart, İspaniya, 2023); “Gizli ornament” (“Triumf” qalereyası,
Rusiya, 2022); “Yeni müqəddəslər” (Rus Dövlət Muzeyi nəzdində
Mərmər Sarayı, Rusiya, 2021); “The Dust Became the Breath” (Gazelli
Art House, Böyük Britaniya, 2021); “Vices et vertus” (Müqəddəs Lu
kilsəsi, Belçika, 2017); “Sabitlik” (Kuadro Müasir İncəsənət
Qalereyası, BƏƏ, 2017) və s. fərdi sərgiləri keçirilmişdir. O,
həmçinin çoxsaylı qrup sərgilərin iştirakçısıdır, o cümlədən: “La
voz velada” (La Neo Mudejar Muzeyi, İspaniya, 2024); “Sıxılmış
yaddaş” (Gazelli Art House, Azərbaycan, 2023); “Kövrəklik” (MİA Art
Collection, BƏƏ, 2023), “Vazari adlandırılıb. Dirçəliş” (Arsenal,
A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Volqa-Vyatka
filialı, Rusiya, 2022); “Şəxsi məkan” (“RuArts” qalereyası, Rusiya,
2022); 17-ci İstanbul Biennalesi (2022); “My One and Only” (Mario
Mauroner Contemporary Art, Avstriya, 2022) və s.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Açılış: 13 iyun, 19:00
Məkan: YARAT Mərkəzi





























