
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb
Respublikasına rəsmi səfəri, onun misirli həmkarı Əbdülfəttah
əs-Sisi ilə apardığı danışıqlar bu ölkənin nüfuzlu qəzet və
portallarının, həmçinin telekanallarının diqqət mərkəzində
olub.
Trend xəbər verir ki, rəsmi MENA informasiya agentliyinin səfər
haqqında geniş hesabatında, həmçinin Misirin geniş oxucu kütləsinə
malik olan “Əl Əhram”, “Cümhuriyə”, “Youm 7”, “Əxbar Əl Youm”,
Masravi”, Dostor” qəzetlərində dərc edilən “Azərbaycan Prezidenti
Misirlə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib”,
“Azərbaycanın lideri Misiri mühüm tərəfdaş ölkə adlandırıb”
sərlövhəli məqalələrdə dövlətimizin başçısının misirli həmkarı
Əbdülfəttah əs-Sisi ilə mətbuata birgə bəyanatının əsas məqamları
yer alıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident
İlham Əliyev keçən il Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərindən
sonra baş tutan bu rəsmi səfərin də Misir-Azərbaycan əlaqələrinin
inkişafına böyük töhfə verəcəyini, iki dost ölkə arasında siyasi
dialoqun müntəzəm xarakter daşıdığını bildirib. O qeyd edib ki, iki
ölkənin liderləri siyasi dialoqun bundan sonra da davam
etdirilməsinə dair razılıq əldə ediblər.
Materiallarda, həmçinin vurğulanıb ki, Prezident İlham Əliyev
misirli həmkarı ilə Cənubi Qafqazdakı prosesləri də müzakirə
etdiyini bildirib. Azərbaycanın dövlət başçısı əlavə edib ki,
hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini
müəyyənləşdirmək işində müəyyən uğurlara nail olunub. Demək olar
ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax
rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd
kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Bütün
bunları müsbət hal kimi qiymətləndirən Azərbaycan Prezidenti, eyni
zamanda, hesab edir ki, danışıqlar prosesində də irəliləyiş üçün
yaxşı imkanlar var və hər halda Azərbaycan buna hazırdır.
Məqalələrdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı,
həmçinin Əbdülfəttah əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına
dəvət edib. O, bu dəvətin qəbul edilməsinə şad olduğunu deyib, eyni
zamanda, Misirin COP27 sədrliyi və ev sahibliyinin böyük uğurla
nəticələndiyini vurğulayıb, bu münasibətlə həmkarını təbrik edib.
Prezident İlham Əliyev Misirin bu sahədəki təcrübəsini öyrənmək
üçün müraciət etdiyini və iki ölkənin nümayəndələrinin daim təmasda
olduqlarını deyib.
Prezident İlham Əliyevin rəsmi səfəri “Şuruk”, “Əl Vətən”,
“Masrtimes”, “Aleqaria”, “Maspero”, “Əl Qahira”, “Əl Balad” qəzet
və portalları tərəfindən də geniş işıqlandırılıb. Bu media
orqanlarında Azərbaycanın dövlət başçısının Fələstin məsələsi ilə
bağlı rəsmi Qahirənin mövqeyini dəstəklədiyi vurğulanıb.
Məqalələrdə Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat
gətirilib: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və
müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına
sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox
tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır –
müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı
olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır,
müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə
həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin
bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən
irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”.
Misir mediası, həmçinin Əbdülfəttah əs-Sisinin Cənubi Qafqazda
sülhün və təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlərinə də
geniş yer ayırıb. Oxucuların diqqətinə çatdırılıb ki, Misir
Prezidenti azərbaycanlı həmkarına Cənubi Qafqazda sülhün,
təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini
və bu səyləri dəstəklədiyini bir daha bildirib. O əlavə edib ki, bu
səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə
olacaq.
Məqalələrdə vurğulanıb ki, iki dost ölkənin dövlət başçıları
müxtəlif sahələrdə iqtisadi, humanitar-mədəni əlaqələrin sürətlə
inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlığın geniş
perspektivləri olduğunu vurğulayıblar. Belə ki, tərəflər inşaat,
nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün
əməkdaşlıq imkanlarını müzakirə edib, həmçinin Azərbaycanla Misir
arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının
təşkilinin əhəmiyyətini qeyd ediblər. Tezliklə komissiyanın növbəti
iclasının keçirilməsi qərara alınıb.
Prezident İlham Əliyevin rəsmi səfər çərçivəsində Qahirədə
Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib
ilə görüşü də Misir və digər ərəb ölkələrinin mediasının diqqət
mərkəzində olub. “Əl Əhram”, “Dostor”, “Əl Qahira”, Səudiyyə
Ərəbistanın “”Əş Şarq Əl-Ausət” qəzetləri, həmçinin “Egypt1” dövlət
televiziyası, “ExtraNews”, “Nile1” telekanallarının materiallarında
Prezident İlham Əliyevin bu görüş əsnasında bütövlükdə ərəb
dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın
xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu
vurğuladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət
başçısı Bakının Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti
görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış
etdiyini bildirib.
Misir və ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki,
Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib
Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu
qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam
təmin edilməsindən məmnunluğunu bildirib və COP29-a dəvətə görə
Azərbaycan Prezidentinə təşəkkür edərək bildirib ki, bu tədbirdə
məmnunluqla iştirak edəcək. Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya
dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq,
Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident
İlham Əliyevə şəxsən təşəkkürünü bildirib, həmçinin COP29
çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün
birgə işlərin aparıldığını qeyd edib.





























