
Bakı. Trend:
Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti və
Albaniya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın 1-ci iclası keçirilib.
Trend xəbər verir ki, iclasdan əvvəl Hökumətlərarası
Komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz
Şahbazov və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və
energetika naziri Belinda Balluku arasında görüş olub.
Görüşdə Azərbaycan – Albaniya münasibətlərinin fəal siyasi
dialoq və dinamik inkişaf edən əməkdaşlıq əsasında yeni səviyyəyə
yüksəldiyi qeyd olunub.
Komissiyanın iclasında dövlət başçılarının dostluq
münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini
hədəfləyən strateji baxış və qərarlarının, qarşılıqlı səfərlərinin
iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsi
və dərinləşməsinə böyük imkanlar yaratdığı vurğulanıb.
Bu xüsusda, iqtisadi əməkdaşlıq haqqında Hökumətlərarası Sazişin
və imzalanması planlaşdırılan digər 8 sənədin əhəmiyyətindən bəhs
olunub. İkitərəfli və Avropa kontekstində tərəfdaşlıqda enerji
strateji əhəmiyyətli istiqamət kimi dəyərləndirilib.
Cənub Qaz Dəhlizinin üzvləri olan ölkələrimizin Korça şəhərinin
qazlaşdırılması, Dumrea şəhərində yeraltı qaz anbarının istifadəsi
və Albaniyanın TAP-la qaz təchizatı üzrə əməkdaşlıq
prioritetlərinin icrasından danışılıb.
Energetika naziri, həmsədr Pərviz Şahbazov deyib ki, 1,5 milyard
avro dəyərində investisiya yatırımı, 25 il ərzində 285 milyon avro
məbləğində vergi ödənişi, sosial layihələrə 14 milyon sərmayə
öhdəliyi, yerli icmaların işlə təminatı TAP-ın Albaniya üçün
faydalarının yalnız bir qismidir: “TAP-ın buraxılış gücünün 1,2
milyard kub metr artırılması və qazlaşdırma layihələrinin həyata
keçirilməsi nəticəsində Albaniya tranzit rolundan əlavə Azərbaycan
qazı ilə təchiz edilən növbəti ölkə olacaq. Belə ki, 2026-cı ildən
Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon
kubmetr həcmində gözlənilir.”
Nazir, həmçinin bu il Azərbaycanın sədrliyi ilə keçiriləcək
qlobal miqyasda yaşıl enerji keçidi və iqlim hədəflərinə nail
olmağı təşviq edən COP29 tədbirinin beynəlxalq arenada bir-birini
dəstəkləyən ölkələrin növbəti dəfə həmrəyliyi üçün daha bir fürsət
olacağını bildirib.
Albaniyalı həmsədr Belinda Balluku isə deyib: “Bu il mart ayının
1-də Bakıda imzaladığımız iqtisadi əməkdaşlıq haqqında Saziş çox
mühüm addımdır. Bununla biz qarşılıqlı maraq doğuran konkret
sahələri birgə müəyyən etmişik və ən əsası, birgə həll edəcəyimiz
hər şeyi asanlaşdıracaq və həyata keçirməyə kömək edəcək bir sıra
vasitələr müəyyən etmişik. Hesab edirəm ki, mart ayında sazişi
imzalamağımız və iyunda hökumətlərarası komissiyanın ilk iclasını
keçirməyimiz, bütün lazımi prosedurları rekord müddətdə
tamamlamağımız hər iki tərəfin niyyətinin ciddiliyinin bariz
əlamətidir”.
İclasda iqtisadiyyat, ticarət və sənaye, energetika, kənd
təsərrüfatı, nəqliyyat, turizm, mədəniyyət, təhsil, səhiyyə və
ərzaq təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı
müzakirələr aparılıb. Bu ilin üç ayı ərzində ticarət dövriyyəsinin
4 dəfə, Albaniyadan Azərbaycana gələn turistlərin sayının 3 dəfə
artması müsbət məqamlar kimi diqqətə çatdırılıb. Qarabağ və Şərqi
Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında, həmçinin Transxəzər
Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlığa dəvət
edilib.
Yekunda Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın 1-ci iclasının Protokolu imzalanıb və
Fəaliyyət Planı qəbul olunub.





























