
Bakı. Trend:
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, 12 saylı
Ərazi Vergilər Baş idarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin
əməkdaşlarının iştirakı ilə məhkəmə qərarları əsasında və operativ
vergi nəzarəti tədbirləri çərçivəsində keçirilmiş birgə nəzarət
tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası
ilə markalanmamış məhsulların satışının aparılması və satış
məqsədilə saxlanması faktları aşkar edilib.
Trend İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Heydərov
Rüstəm Qasım oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib
Bağırov küçəsi, ev 35 yaşayış ünvanında 865,7 min ədəd, Əliyev
Şahin Qulu oğluna məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20/6
ünvanda yerləşən ərzaq mağazasında 313,2 min ədəd və Gəncə şəhəri,
Nizami rayonu, Ə.Babayev küçəsi, ev 32 yaşayış ünvanında 588,4 min
ədəd olmaqla, ümumi dəyəri 100 min manatdan yuxarı olan 1.767.360
ədəd aksiz markası ilə markalanmamış tütün məmulatı aşkar edilərək
protokol əsasında götürülüb.





























