
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında iyunun 11 və 12-si əsasən gecə
və səhər saatlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, yarımadanın
bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı
ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı
hava şəraitinin iyunun 12-si axşamadək davam edəcəyi, bəzi yerlərdə
fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən
dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy,
Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan,
Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü
olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy,
Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan
və Lənkəran-Astara bölgələrinin ərazisindən axan bəzi çaylardan
qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.





























