Advertisement

Nikah yaşının bir il azaldılması icazəsi ləğv edilir

Bakı. Trend:

Ailə Məcəlləsində üzrlü səbəblər olduqda nikah yaşının bir yaş
azaldılmasını ehtiva edən norma ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında
müzakirə edilən Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə öz
əksini tapıb.

Hazırda Məcəlləyə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil
olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları
ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah
yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Təklif edilən dəyişikliyə əsasən isə, bu maddə ləğv edilir və
nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə
verilməyəcək.

Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqda
nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu
əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və
azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərin
hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma
özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.

Məcəlləyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş
müəyyən olunur.