Advertisement

Bakıda yeni avtobus zolaqları salınır

Bakı. Trend:

Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə
başlanılıb. Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə
kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi
hərəkət zolaqları təşkil edilib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi məlumat yayıb.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma
xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. Yeni avtobus
zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə
sərnişindaşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq
məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq
edilir.

Hazırda paytaxtda Şəmsi Bədəlbəyli küçəsi də daxil olmaqla 21
küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları
təşkil edilib.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin
yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən
zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə
bu işlər həyata keçiriləcək.

Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr
uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq.

Qeyd edək ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin
təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki,
avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına
imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin
edir.