Bakı. Trend:
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan
xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir.
16, 17 iyun tarixlərində bayramın müvafiq norma və qaydalar
çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin
edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş
iş rejimində fəaliyyətini davam etdirəcək.
Trend xəbər verir ki, Qurban
bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq
norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə
üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri
təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən
keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş
qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir
sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları
quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında
kəsimi və satışı həyata keçiriləcək.
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq
infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə
uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara
çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri
tərəfindən ətraflı məlumatlar veriləcək.
Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət
göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də
həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı,
36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif
olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq
heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən
xidmətlərdən yararlana bilərlər.





























