Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə
növbəti köç karvanı yola salınıb.
Trend xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç
karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər
köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfər nəticəsində
məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491
nəfərin daimi məskunlaşması təmin edilib.





























