
Bakı. Trend:
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci
mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun
saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə,
imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin
istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq
internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133)
daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu
seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem
tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.
2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu
seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə
uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud
hər ikisini seçə bilərlər.
12 iyun saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə
11178, II ixtisas qrupu üzrə 10420, III ixtisas qrupu üzrə 12043,
IV istisas qrupu üzrə isə 3253 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən
abituriyentlər iştirak edə bilərlər.





























