
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların
hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ölkə üzrə
istehlak bazarında monitorinqləri davam etdirir. Mövsümi məhsullara
aid edilən, həmçinin əsasən uşaqlar tərəfindən daha çox istehlak
edilən dondurma məhsulunun satışının əsas etibarilə ilin bu
mövsümündə intensiv xarakter daşıdığını nəzərə alaraq, bu sahədə
monitorinqlərin miqyası genişləndirilib.
Agentlikdən
Trend-ə verilən məlumata görə, monitorinq çərçivəsində Bakı
şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət
şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik
göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun
müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən
dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş
məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq
laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69
dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4
istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli
hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Uyğunsuzluq
aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
“Rich S.A” MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı
vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu
dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE
Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma;
Fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal
olunan “Selena” əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir
dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı
çiyələkli dondurma;
“Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı
dondurma;
Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal
olunan “Naturalika” əmtəə nişanlı dondurma.
Eyni zamanda, “Naturalika” əmtəə nişanlı dondurmanın etiket
məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd
edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub.
“Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı
plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə
olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə
olunduğu qeyd olunmayıb.
43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı
müəssisələrdə plandankənar yoxlamalar keçiriləcəkdir.





























