Advertisement

Fernandu Santuş Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub

Bakı. Trend:

AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası
keçirilib.

Trend xəbər verir ki, 3 iyun 2024-cü ildə keçirilmiş AFFA
İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi
məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının
baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu
Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş
etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda
ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.

Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol
mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti
dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə
Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının
baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə
alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı
komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində
uğurlu çıxış məqsədi qoyulub.