Advertisement

Avropada hər il 2,7 milyon insan tütün, emal olunmuş qidalar, yanacaq qazı tullantıları və spirtdən ölür – ÜST

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı dörd əsas amilin – tütün, normadan
artıq emal olunmuş qidalar, yanacaq qazı tullantıları və spirtin
Avropada ildə 2,7 milyon insanın ölümünə səbəb olduğunu
açıqlayıb.

Trend “The Straits Times” saytına istinadən xəbər verir ki,
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge bu dörd
amilin hər gün azı 7 min insanı məhv etdiyini söyləyib.

ÜST bildirib ki, sənayenin həmin sahələri ürək-damar
xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərlə
mübarizə səylərinə mane olur.

Məlumatda qeyd olunub ki, Avropada böyüklərin təxminən 60 faizi,
uşaqların üçdəbiri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir.
2017-ci ilin ən son məlumatları göstərir ki, Avropada ürək-damar
xəstəlikləri və xərçənglə bağlı hər beş ölümdən biri qeyri-sağlam
qidalanma vərdişlərinin nəticəsidir.

ÜST ölkələri qeyri-sağlam məhsulların marketinqi, inhisarçılıq
praktikası və lobbiçiliklə bağlı daha güclü qaydaların tətbiqi ilə
mübarizə aparmağa çağırıb.