Advertisement

SIRI Azərbaycanın strateji rəqəmsal hədəflərinə tam uyğundur – UNESCAP

Bakı. Trend:

“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) Azərbaycanın strateji
rəqəmsal hədəflərinə tam uyğundur.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və
Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus bu gün
Bakıda keçirilən “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) üzrə
seminarda çıxışında deyib.

“Bu gün istehsalat sahəsində qlobal dəyişikliklər dövründə
yaşayırıq və SIRI sektorun sürətləndirilmiş rəqəmsallaşmasının
dördüncü sənaye inqilabının əsasına çevrildiyi bu yeni dünyada
naviqasiyada əsas rol oynayır. SIRI istehsalat şirkətlərinin sənaye
4.0 transformasiyasına rəhbərlik üçün lazımi çərçivəni təmin edir”,
– deyə o vurğulayıb.

Onun sözlərinə görə, SIRI sadəcə diaqnostika aləti deyil.

“Bu gün SIRI-nin müəssisələrə məlumatlara əsaslanan ağıllı
istehsal strategiyalarını həyata keçirməyə və artım üçün yeni
yollar açmağa necə kömək edə biləcəyini müzakirə edəcəyik. Qeyd
etmək lazımdır ki, SIRI sadəcə diaqnostika aləti deyil. Bu,
bizneslərə investisiyaları daha yaxşı prioritetləşdirməyə,
resursları optimallaşdırmağa və əməliyyat mükəmməlliyinə və rəqabət
qabiliyyətini artırmağa gedən yolu sürətləndirməyə imkan verməklə
məlumatların idarə edilməsinə daha səmərəli yanaşmaya imkan verən
kompleks həldir. Bundan başqa, SIRI Azərbaycanın strateji rəqəmsal
hədəflərinə tam uyğundur. Ölkə şirkətləri ağıllı istehsalat
təcrübələrini tətbiq etməklə biliklərə əsaslanan iqtisadiyyatın
qurulmasına töhfə verir, innovasiyalara imkan yaradır, ixracın
artımını dəstəkləyir və xarici investisiyaları cəlb edir”, – deyə o
qeyd edib.

Straus həmçinin qeyd edib ki, SIRI hökumət, sənaye və akademik
cəmiyyət arasında əməkdaşlıq üçün ümumi dil və çərçivə təklif
edir.

“Bu, istehsalat sektorunda artımı və rəqabət qabiliyyətini
dəstəkləyə bilən daha dinamik ekosistem yaratmağa kömək edir.
Bugünkü seminar zamanı SIRI strukturunun təfərrüatını ayırd edəcək,
uğurlu ağıllı fabriklərin transformasiya nümunələrini araşdıracaq
və qiymətləndirmə nəticələrinin interpretasiyası və onların tətbiqi
üçün yol xəritələrinin hazırlanmasına dair praktik tövsiyələr
təqdim edəcəyik. Ümid edirik ki, bu sessiyanın sonunda SIRI-nin
rəqəmsal dövr ərzində sizin transformasiyanız üçün necə katalizator
ola biləcəyi və sahənizin rəqəmsal transformasiyanıza necə töhfə
verə biləcəyinə dair aydın təsəvvür formalaşacaq”, – deyə o əlavə
edib.

Qeyd edək ki, “Ağıllı Sənaye Hazırlığı İndeksi” Sinqapur
İqtisadi İnkişaf Şurası tərəfindən aparıcı texnologiya, konsaltinq
şirkətləri, eləcə də sahə üzrə və elmi ekspertlərin tərəfdaşlığı
ilə hazırlanıb. “SIRI” qiymətləndirmə metod qlobal miqyasda
rəqəmsal transformasiyanı sürətləndirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun