Advertisement

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar respublika
ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar
əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə
təmin edilməsi üçün 14-19 iyun tarixlərində gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar
üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən
fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan
tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata
keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının
alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət
qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və
avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində
sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan
avtobusların intervalına, sürücülərin sərnişindaşımada
təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət
olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda
əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən
satış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edə
bilərlər.

Qeyd edək ki, hazırda “biletim.az” portalında 45 şəhər və rayona
68 istiqamət üzrə bilet almaq mümkündür.