
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına
rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko
ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi
qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri
arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər
intensivlik müşahidə olunub. Onun sözlərinə görə, Belarus
Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş
nazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası Komissiyanın
Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrinin
Belarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çox
mühüm töhfələr verməklə yanaşı, əlaqələrimizin yüksək səviyyədə
olduğunun göstəricisidir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət
başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu
xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının
əlaqələrimizin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlət
qurumları tərəfindən uğurla yerinə yetirilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Belarus Respublikasına
2018-ci ildə həyata keçirilən rəsmi səfəri, o cümlədən Prezident
Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfəri və bu
səfərlər zamanı imzalanmış sənədlər münasibətlərimizə xüsusi təkan
verib. Xatırladılıb ki, bu günədək Azərbaycan və Belarus arasında
siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional
əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki,
bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi
əsaslar yaradıb.
Baş nazir Roman Qolovçenko, parlamentlərimiz arasında da
əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq
yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclis
sədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha da
genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində
keçirilən görüşlər barədə məlumat verib. Bildirilib ki, səfər
çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinə
dair fikir mübadiləsi aparılıb. O cümlədən, qanunvericilik
sahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı
faydalı müzakirələr olub. Qeyd olunub ki, ölkələrimiz arasında
əlaqələrə daha da böyük töhfə vermək üçün qanunvericilik sahəsində
birgə fəaliyyət, o cümlədən parlament komitələri arasında
əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədəuyğundur.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər
barədə qarşı tərəfə məlumat verən Milli Məclisin sədri deyib ki,
xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə xalqımızın
təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf
yoluna qədəm qoyub. Ölkənin iqtisadi-sosial inkişafının əsasları
formalaşdırılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən neft
strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Hazırda isə
Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütün
istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir.
Baş nazir Roman Qolovçenko da deyib ki, Azərbaycan müstəqillik
dövründə möhtəşəm inkişaf yolu keçib.
Söhbət zamanı spiker Sahibə Qafarova Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri
barədə məlumat verib. Bu işlərdə “ağıllı şəhər”, “ağıllı kənd”
konsepsiyalarının tətbiq olunduğu, bərpa olunan enerji
mənbələrindən istifadə edildiyi diqqətə çatdırılıb. Bərpa işlərində
Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma
yüksək qiymətləndirilib.
Görüşdə vurğulanıb ki, Azərbaycanla Belarus arasında
iqtisadi-ticari sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, kənd
təsərrüfatı, emal sənayesi və bir sıra digər sahələrdə daha da
yüksək nəticələr əldə etmək üçün yaxşı imkanlar mövcuddur.





























