
Bakı. Trend:
COP29 Belçika və Aİ üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə Trend-ə özəl müsahibəsində Belçikanın Azərbaycandakı
səfiri Mişel Petersmans deyib.
“COP29 Belçika və bütövlükdə Avropa İttifaqı üçün böyük
əhəmiyyət kəsb edir. Hazırda iqlim dəyişikliyi və buna qarşı cavab
tədbirləri ilə bağlı qlobal konsensus var. İqlimlə bağlı
danışıqlarda qarşıya qoyulan üç qlobal məqsədə nail olmaq bütün
səviyyələrdə əhəmiyyətli səylər tələb edəcək. Bunlara daxildir:
qlobal orta temperatur artımını 2°C-dən xeyli aşağı saxlamaq və
qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq, iqtisadiyyatlarımızın
və cəmiyyətlərimizin iqlim dəyişikliyinin təsirlərinə davamlı
olmasını təmin etmək və karbon emissiyaları az olan ölkələrdə
maliyyə axınını bu məqsədlərə uyğunlaşdırmaq”, – deyə səfir
bildirib.
Petersmans qeyd edib ki, həm Avropa İttifaqı səviyyəsində, həm
də Belçika dövləti səviyyəsində (xüsusən də Flandriyada, Valoniyada
və Brüsseldə – paytaxt) karbon emissiyalarını azaltmaq və 2050-ci
ilə qədər karbon neytrallığına nail olmaq məqsədilə çoxlu sayda
tədbirlər həyata keçirilir.
O, son illərdə COP-un iclaslarında çoxlu sayda dövlət və hökumət
başçılarının iştirak etdiyini, əvvəlki sessiyalarda təxminən 150
yüksək səviyyəli siyasi liderin iştirak etdiyini vurğulayıb.
“Belçika COP29-da yüksək səviyyədə təmsil olunacaq. Rəsmi
nümayəndə heyətinin tərkibinə siyasi liderlər və danışıqlar qrupu
daxil olacaq” – deyə səfir vurğulayıb.
Petersmans həmçinin qeyd edib ki, Belçika şirkətləri Naxçıvanda
günəş enerjisinin inkişafında iştirak etməkdə davam edirlər.
“2022-ci ilin noyabrında mənim Avropa İttifaqının digər missiya
rəhbərləri ilə birlikdə Babək günəş elektrik stansiyasına baş
çəkmək imkanım oldu. Beləliklə, bərpa olunan enerji mənbələri
sahəsində əməkdaşlıq potensialı mövcuddur”, – deyə səfir
bildirib.
Bundan əlavə, Petersmans digər sahələrdə də əməkdaşlıq
imkanlarının olduğunu qeyd edib.
“Belçika enerji keçidi ilə bağlı, eləcə də yaşıl hidrogen,
aerokosmik, biofarmasevtika və bioelmlər, nəqliyyat və logistika,
mikroelektronika kimi sənayelərin inkişafı sahələrində aparıcı
mövqeləri tutur”, – deyə səfir vurğulayıb.
Petersmans əlavə edib ki, Belçikada şirkətlər, tədqiqat
institutları, universitet xəstəxanaları, bioinkubatorlardan ibarət
əsl biofarmasevtik ekosistem var. Onun sözlərinə görə, Belçikada
37-dən çox əczaçılıq istehsalı sahəsi, 23 əczaçılıq şirkətinin baş
ofisi və ən azı 52 klinik sınaq mərkəzləri var.
Bundan əlavə, səfir bildirib ki, Belçikada bir sıra logistik
strukturlar var, məsələn, Brüssel və Liege hava limanları,
Antverpen-Brügge limanı və s.
“Digər tərəfdən, Belçikanın sənaye bazası əsasən qlobal bazarda
fəaliyyət göstərən dinamik və innovativ kiçik və orta
müəssisələrdən ibarətdir”, – deyə səfir bildirib.
Petersmans Azərbaycanın Brüsseldəki səfirliyinin də çox fəal
olduğunu vurğulayıb. Bu yaxınlarda Azərbaycanın Brüsseldəki
səfirliyi AZPROMO (Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi) və Belçika xarici ticarətin təşviqi agentlikləri ilə
əməkdaşlıq çərçivəsində yüzə yaxın Belçika şirkətinin iştirak
etdiyi məlumat sessiyası təşkil etmişdir.
“Belçika regionlarının Azərbaycan üzrə ticarət nümayəndələri
İstanbulda yerləşir, lakin ikitərəfli əlaqələr üçün müntəzəm olaraq
Azərbaycana səfər edirlər”, – deyə səfir əlavə edib.
Petersmans qeyd edib ki, Belçika Cənub Qaz Dəhlizinin
imkanlarının artırılması ilə bağlı müzakirələri izləyir.
“Hazırda Belçika Azərbaycandan böyük həcmdə neft və ya qaz idxal
etmir və mənim hökumətimin siyasəti ilk növbədə enerji
səmərəliliyinin artırılmasına və bərpa olunan enerji mənbələrinin,
o cümlədən Şimal dənizində külək stansiyalarının inkişafına
yönəlib. Biz, əlbəttə ki, Cənub Qaz Dəhlizinin ötürmə
qabiliyyətinin artırılması ilə bağlı müzakirələri çox diqqətlə
izləyirik. Bundan başqa, TAP-ın (Trans-Adriatik Boru Kəməri) sahibi
olan konsorsiumun səhmlərinin 20 faizinə Belçika şirkəti sahibdir”,
– deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, 2024-cü il iyunun 5-6-da baş tutan Bakı
Enerji Forumu Xəzər dənizindən Avropaya qaz nəqlinin təşviqinə
yönəlmiş müxtəlif təşəbbüslərin həyata keçirilməsi perspektivlərini
aydınlaşdırmaq imkanı verib.
“Belçika 2022-ci ilin iyulunda imzalanmış Avropa İttifaqı ilə
Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında
Anlaşma Memorandumunun qəbulunu dəstəklədi. Bu sənəd böyük siyasi
əhəmiyyət kəsb edir”, – deyə Petersmans əlavə edib.
Səfir qeyd edib ki, Orta Dəhlizin inkişafı beynəlxalq
marşrutların şaxələndirilməsinə töhfə verir.
Petersmans bildirib ki, Orta Dəhliz həm də Qafqaz və Mərkəzi
Asiya ölkələrinə daha çox sərmayə cəlb etməyə və buna görə də
coğrafi və geosiyasi mövqelərindən istifadə edərək iş yerləri
yaratmağa imkan verir.
Səfir onu da əlavə edib ki, Belçika özü Avropa İttifaqının
mərkəzində kommunikasiya qovşağıdır və yüksək inkişaf etmiş
nəqliyyat və logistika şəbəkəsinə, o cümlədən Antverpen və Zebrugge
limanlarına malikdir.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları mövzusuna
toxunan Petersmans vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə sadiq qalaraq, bütün dövlətlər “gələcək nəsilləri
müharibədən xilas edərək” mehriban qonşuluq ruhunda yaşamağa söz
verib.
“Avropa İttifaqı, xüsusən də Avropa İttifaqı Şurasının
prezidenti Şarl Mişelin Belçika tərəfindən tam dəstəklənən
təşəbbüsləri sayəsində beynəlxalq hüququn prinsiplərinə uyğun
olaraq müxtəlif tərəflərin fikirlərini bir araya gətirmək üçün hər
cür səy göstərmişdir”, – deyə Petersmans əlavə edib.
Onun sözlərinə görə, Qafqazda sabitliyin bərqərar olması ilk
növbədə təkcə silahlı münaqişələrlə bağlı gələcək itkilərin
qarşısını almaq üçün deyil, həm də bütövlükdə regionun iqtisadi
inkişafına təkan vermək məqsədilə regionun maraqlarına cavab
verir.
Səfir qeyd edib ki, Azərbaycana nəqliyyat, enerji keçidi və
iqtisadiyyatın şaxələndirilməsi sahələrində layihələrə daha çox
investor cəlb etmək üçün regionda sabitlik olmalıdır.



























