Bakı. Trend:
Növbəti məntiqi addım Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından (KTMT) çıxmaq olacaq.
Trend
Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş
naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu addımın məhz nə zaman atılacağına Ermənistan
hakimiyyəti qərar verəcək.
Qeyd edək ki, bu yaxınlarda Paşinyan bildirib ki, KTMT üzv
ölkələrin, Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi
mexanizm qismində mövcud deyil.
“Bu KTMT-nin reaksiyası və bir sıra üzv ölkələrin bəyanatları
ilə əsaslandırılır. Cəmiyyətimiz deyir: siz niyə KTMT-nin üzvü
olaraq qalmağa davam edirsiniz? Açıq danışsaq, bu suala cavabım
yoxdur”, – o deyib.
Bu ilin may ayında isə Ermənistan XİN ölkənin 2024-cü il üzrə
KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini
açıqlayıb.
“Ermənistan Respublikası KTMT-nin Kollektiv Təhlükəsizlik
Şurasının “KTMT-nin 2024-cü il üzrə büdcəsi haqqında” 23 noyabr
2023-cü il tarixli qərarına qoşulmaqdan və bu qərarla təşkilatın
nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan
kənarda qalacaq, lakin məhdud formatda bu qərarın qəbuluna etiraz
etmir”, – Ermənistan XİN-in açıqlamasında deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























