
Bakı. Trend:
Ümumi proses haqqında danışmağa vaxtım olacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinə
yeni baş məşqçi təyin olunan Fernandu Santuş deyib.
Təcrübəli portuqaliyalı mütəxəssis təqdimat mərasimində AFFA-ya
ona etimad göstərdiyi üçün təşəkkür edib: “Onların gələcəklə bağlı
fikirlərini bilmək mənim üçün maraqlı oldu. Qərarımda bu kimi
məsələlər önəmli idi. Təbii ki, bu qarşılıqlı anlaşma gələcək
layihələri həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, AFFA
rəhbərliyi məni seçib”.
– Azərbaycan yığması reytinq cədvəlində ilk “100-lük”də
də deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, qəbul
etdiniz?
– Doğurdan da, təklif cəlbedici oldu. Ona görə burdayam ki, daha
öndə olaq. Bu səbəbdən də qəbul etdim.
– Azərbaycanı Avropa çempionatında görmək üçün nələr
etməliyik? Bu barədə Santuşun nə kimi planları var?
– Gürcüstanın AVRO-2024-də iştirakı bizim üçün motivasiyadır.
Qazaxıstan da yaxın idi. 2028-ci ildə Avropa çempionatına vəsiqə
qazanmaq üçün hər bir şərait var. Təkcə mənim yox, sizin də
dəstəyiniz önəmlidir. Xalqın inamı və dəstəyi lazımdır. Uğur anidən
göydən düşmür. Çox təəssüf ki, əvvəlki seçmə mərhələlərdə
Azərbaycan səhv edib, alınmayıb. Mənim üçün də əsas motivasiya bunu
dəyişməkdir. İnanıram ki, bu bizdə alınacaq. Onu da qeyd edim ki,
mən komandamla birgə Azərbaycanda yaşayacam. Bu layihəni həyata
keçirmək üçün mədəniyyətinizlə yaxından tanış olacağıq. Ailəm də
burada qalacaq.
– Yığma ilə bağlı layihəni açıqlaya
bilərsiz?
– Bu, komandanı oyunlara hazırlamaq və matçda iştirak etməklə
yekunlaşmır. Mən 2010-da Yunanıstan millisi ilə müqavilə
imzalayanda da buna bənzəyirdi. Burada əsas məqsəd futbol oynamaq
deyil. Burada amalımız aşağı yaş qrupları ilə də bağlıdır,
fikirlərimiz var.
– 3+1 illik müqavilə imzalamısız. Bu qədər enerjiniz
varmı? Bizim məşqçilərdə tənqid etdiyimiz məqam müdafiəyəmeyilli
oyun olub. Sizin rəhbərliyiniz altında hücum futbolu görə
biləcəyik?
– Tam enerjiliyəm. Kifayət qədər motivasiyam var. Bütünlükdə bu
layihəyə köklənmişik. Heç bir problem yoxdur. Əsas məqsəd qələbə
qazanmaqdır. Bunun üçün həm hücum etmək, həm də müdafiə
olunmalıyıq. Azərbaycanda daha öncə olmuşam. Bura gələnə qədər də
milliniz barədə fikirlərim var idi. Əsas bu iki faktoru cəmləmək və
qol vuraraq qapımızın toxunulmazlığını saxlamamaqdır. Qələbə
qazanmaq üçün də yaxşı oyun nümayiş etdirməyi bacarmalıyıq.
Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onlar qələbə ilə yanaşı,
cəlbedici futbol istəyində olurlar. Biz onları stadionlara cəlb
etmək üçün hər şey edəcəyik.
– Daha öncə “Beşiktaş”da çalışmısınız. Azərbaycana
gəlmənizdə Türkiyə klubunun rəhbərliyinin rolu və ya vasitəçiliyi
olub?
– Uyğunlaşmaq baxımından Türkiyənin Azərbaycana qonşu ölkə
olması mənə kömək edəcək. Mədəniyyətin və yeməklərin yaxın olması
və s. bütün bunlar önəmlidir. 2020-ci ildə Azərbaycana gələrkən
mənlə köməkçilərim ölkəni bu dərəcədə gözləmirdik və çox
təəccüblənmişdik. Yaxşı mənada şəhəriniz bizi valeh etdi.
Qeyd edək ki, Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində
uğurlu çıxış məqsədi qoyulub.





























