Advertisement

Paşinyanın səbri tükəndi: erməni kilsəsi “qırmızı cizgilər”i keçdi

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan
parlamentdə müxalifət deputatlarının ironik iradlarına və lağlağı
qeydlərinə dözə bilməyib.

“Məndən əvvəlki hakimiyyət və sizlər insanlara tüpürmək belə
istəmədiniz. Qarabağdakı ermənilərə tüpürmək belə, istəmədiniz.
Məndən əvvəlki hakimiyyət iqtidarda qalmaq üçün yalnız özünü
düşünürdü. Ermənistanın hakimiyyəti Qarabağı fələyin badına verdi.
Qarabağdakı ermənilərin rəhbərləri isə 2023-cü ilin sentyabrında
mənə mətbuat konfranslarında sual verən jurnalistlər vasitəsilə
zəng edir, Qarabağdan çıxarılmaları üçün kömək etməyimi
istəyirdilər. Onlar və indi burada mənə sual verən müxalifətçi
deputalar sadəcə, qorxaq fərarilərdir! Yazıqlar olsun sizə!!!”

Daha sonra isə N.Paşinyan bəyan edib ki, Qarabağın Azərbaycan
ərazisi olduğunu hələ 2018-ci ildə etiraf və bəyan etməliydi.

“2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzləşdiyimiz
ən böyük problem bu idi ki, həmin ilin aprelində mütləq şəkildə ya
güzəştlərə getməli, ya da müharibəyə başlamalıydıq. Özümə sual
verirdim: yaxşı, bunu güzəştə gedəcəyik, onu güzəştə gedəcəyik – bu
güzəşt prosesi harada dayanacaq?! Həmin suala cavab tapa bilmirdim.
İndisə cavabım var: Azərbaycana güzəştlər Ermənistan ərazisinin
29743 kvadrat kilometr olmasında dayanıb. Hələ o zaman – 2018-ci
ildə qapalı rejimdə toplantı keçirməli və deməliydim ki, Dağlıq
Qarabağın Azərbaycan ərazisində müxtariyyət olması ilə
razılaşmalıyıq”, – N.Paşinyan deyib.

Dünən Ermənistan parlamentindəki iclas zamanı Erməni Qriqorian
Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskopu, “Baqrat” adı ilə
tanınan Vazgen Qalstanyan tərəfdarlarını parlamentin binasının
qarşısına toplamışdı. O, ətrafındakı insanlara guya parlamentdə
dava düşdüyünü deyərək “İçəri daxil olun, onları çıxarın
parlamentdən!” çağırışı etmişdi.

Yəni V.Qalstyan artıq bütün “kartları açaraq” Ermənistanda
mövcud hakimiyyəti antikonstitusion qaydada devirmək, çevriliş
etmək və iqtidara yiyələnmək niyyətini bəyan etdi.

Halbuki bu mənasız və absurd hücum, polislə toqquşma nəticəsində
İrəvanın mərkəzindəki Baqramyan prospektində 101 nəfər xəsarət
aldı.

85 nəfər zəruri tibbi yardım alandan sonra buraxılıb.

Arxiyepiskop Qalstanyan dünən İrəvanın mərkəzində tərəfdarları
ilə polisin toqquşmasından, iğtişaş cəhdlərindən sonra bu gün
Hökumət Dəftərxanasının, yəni Ermənistan hökumətinin iqamətgahının
qarşısındadır.

Parlamentə soxula bilməyəndən sonra o, bu dəfə bəxtini
Dəftərxana binası qarşısında sınamaq qərarına gəlib.

Ermənistanda N.Paşinyana qarşı aprelin 19-da Tavuş (Tovuzqala)
rayonunda 32 ildən bəri erməni işğalında olan 7 kəndimizin 4-nün
azad edilərək geri qaytarılmasının və Azərbaycanla Ermənistan
arasında şərti dövlət sərhədinin delimitasiyasına başlanmasının,
həmçinin, sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesin
dayandırılması tələbi ilə aksiyalara başlayan Qalstanyanın
rəhbərləri düşünürlər.

Etiraz aksiyalarının ssenari müəllifləri, təşkilatçıları,
texniki və maliyyə mənbələri erməni kilsəsi, ABŞ-Fransa-Rusiya
triosundakı erməni icması, əslən Qarabağdan olan və sabiq
prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri
“qarabağlılar klanı”, bir də Ermənistanda kənardan
maliyyələşdirilərək idarə olunan kiçik müxalif qruplaşmalardır.

Onlar müvəqqətii koalisiya yaradaraq N,Paşinyanın istefasını,
ölkədə təcili şəkildə növbədənkənar parlament seçkilərinin
keçirilməsini tələb edirlər.

Tələblər səslənsə də, onların batinində bir istək, plan və
ssenari var: Robert Köçəryanın yenidən hakimiyyəti ələ alması üçün
bütün gərəkli imkanlardan istifadə olunması və məqsədə
çatılması.

Etiraz aksiyalarına çağırışları fasiləsiz səsləndirən struktur
isə erməni kilsəsi, yəni Eçmiədzindir.

İrəvandakı proseslər indiki aksiyalarla başa çatan deyil. Erməni
kilsəsi ölkədəki revanşistləri sürəkli olaraq hakimiyyətə qarşı
qaldırmağa, sülh müqaviləsinin imzalanmasına imkan verməməyə
çalışacaq.

Bununla belə, erməni kilsəsinin rəhbəri, katolikis 2-ci Qaregin
əla anlayır ki, hakimiyyət zorla dəyişdirilərsə, Nikol Paşinyan
vəzifəsindən kənarlaşdırılarsa, revanşistlər hakimiyyətə gələrsə və
yeni hərbi əməliyyatlar başlayarsa – bütün bunlar Ermənistanın çox
ağır fəlakətlə üzləşməsinə səbəb olacaq.

Fəqət, əsrlər boyu ermənilərin yaşamında və xüsusilə də
ideologiyasında tutduğu yeri qaytarmaq, bərpa etmək üçün Eçmiədzin
ən rəzil, yaramaz və ermənilər üçün faciəli ssenarini belə,
reallaşdırmağa hazırdır.

Ermənilərin dövləti, məlum ki, 1918-ci ildə yaranıb. Bu,
reallıqdır, danılmaz faktdır. Yerdə qalan bütün iddialar, “dənizdən
dənizə Böyük Ermənistan”la bağlı sayıqlamalar isə heç bir real
əsası olmayan uydurmalar və miflərdir.

Bu miflər və saxtakarlıqlardan sonradan erməni şovinizmi, erməni
irqçiliyi və ermənilərin türk düşmənçiliyi törəyib.

Törəmənin müəllifi və rəhbəri mərkəzi Eçmiədzində yerləşən,
monofizit olan Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK) adlanan,
əslində isə qriqorian kilsə olan qurumdur.

Təbii ki, “erməni layihəsi”nin frormalaşmasında Eçmiədzini
müttəfiqinə, tərəfdaşına və satellitinə çevirən Vatikan, habelə bir
sıra Qərb ölkələrinin, xüsusilə də Fransanın xüsusi xidmət
təşkilatları əlahiddə rol oynayıblar. Amma erməni irqçiliyinin,
daşnaklığın, ərazi iddialarının və şovinizminin ekstremist rəhbəri
əslində terrorçu xislətli erməni kilsəsidir.

Xatırladaq ki, məhz erməni kilsəsinin çağırışları və
xeyir-dualarından sonra daşnaklar 1915-ci ildə Osmanlı Türkiyəsində
dinc müsəlman əhaliyə qarşı qırğınlar törətmiş, qiyamlara başlamış
və Osmanlı xanədanının hakimiyyətinin sərt antiterror tədbirlərinə
əl atmağa vadar etmişdilər.

SSRİ dönəmində üzdə “proletar beynəlmiləlçiliyi”ni dəstəkləsə
də, erməni kilsəsi aşkar islamofobiya, türkofobiya və ekstremizmi
təbliğ edirdi.

SSRİ dağılmazdan az əvvəl artıq sabiq Dağlıq Qarabağ Muxtar
Vilayətinin «Azərbaycanın tərkibindən çıxaraq Ermənistana
birləşməsi» idefiksinin müəllifi də erməni kilsəsi idi.

Erməni ekstremizminin tüğyan etməsi və 1999-cu ildə Ermənistan
parlamentindəki gülləbaran nəticəsində hakimiyyəti ələ keçirən
“qarabağlılar klanı” Robert Köçəryanı prezident etmişdi. 2018-ci
ilədək Köçəryan, daha sonra onun marioneti Serj Sarqsyan
Ermənistanı taladılar. 2018-ci ildə Paşinyanın hakimiyyəti ələ
keçirməsi, 202-ci ildə 2-ci Qarabağ Müharibəsində Ermənistanın
kapitulyasiyaya uğraması Köçəryan-Sarqsyan duetini dayaqlardan
məhrum etmişdi. Elə həmin dövr meydana Ruben Vardanyan çıxarıldı,
amma o da fiaskoya uğrayanda erməni kilsəsi yenidən ön planda
göründü.

Özü də çox hiyləgər və məkrli şəkildə. Belə ki, Eçmiədzinr
tələsmədi, qarabağlı revanşistlərin tam siyasi fiaskoya
uğramalarrını gözlədi. Daha sonra Xankəndindəki separatçı-terrorçu
xuntanın məhvini seyr etdi. Sonda Azərbaycanla Ermənistan
arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya
prosesinin başlanmasını gözlədi.

Revanşistlərlə terrorçuların, separatçılarla onları
dəstəkləyənlərin Ermənistanda tam zəiflədiklərinə, keşiş Baqratın
arxasınca getməyə razılaşdıqlarına əmin olandan sonra Eçmiədzin
hərəkətə keçdi.

İndisə Ermənistanda reallıqla saxtakarlıq, yalanlarla gerçək
üz-üzə gəliblər.

Paşinyan anlayır ki, geriyə doğru bir addım atarsa,
həyasızlaşaraq aqressivləşmiş erməni kilsəsi onu məhv etmək
istəyəcək.

Həm siyasi, həm fiziki baxımdan.

İrəvan yeni qarşıdurmalara səhnə olacaq…