
Bakı. Trend:
Ölkəmizin bank sektorunda ən yaxşı işəgötürən olmağı qarşısına
hədəf qoymuş və buna doğru ardıcıl irəliləyən ABB “Top Employers
Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq
təşkilatının sertifikatını əldə edib.
Təşkilatın auditorları 3 ay çəkən sertifikasiya prosesində dünya
təcrübəsindən irəli gələn 255 norma üzrə dəyərləndirmə aparıblar.
Bu təcrübələrin ABB-də mövcudluğu yoxlanıb. Təhlillər iş mühiti,
istedadların cəlbi, öyrənmə, müxtəliflik, bərabərlik və
inklüzivlik, rifah, inkişaf və s. kimi istiqamətləri əhatə
edib.
ABB-nin müvafiq meyarları 88% yerinə yetirdiyi müəyyənləşib və
Bank “Ən yaxşı işəgötürən” sertifikatına layiq görülüb. Qeyd edək
ki, bu beynəlxalq sertifikatın əldə olunması üçün minimal normativ
tələb 60%-dir. Dünya təcrübəsinə əsasən, sözügedən sertifikatı alan
şirkətlərin ortalama nəticəsi 85%-dir. Göründüyü kimi, ABB bu
sahədə də mövcud dünya təcrübəsindən daha üstün nəticə göstərib.
Beləliklə, fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları
təcrübələrini tətbiq etdiyini, əməkdaşları üçün layiqli iş şəraiti
yaratdığını bir daha nümayiş etdirib.
Top Employers Institute indiyə qədər 121 ölkə və regionda
2300-dən çox təşkilatın sertifikatlaşdırılmasını aparıb. Qurumun
həyata keçirdiyi sertifikasiya prosesləri qlobal miqyasda 12
milyondan çox işçinin həyatına müsbət təsir göstərməkdədir. “Ən
yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında BP,
Coca-Cola, HSBC, Unicredit, BMW, Puma, Pepsico, Toyota, Walmart,
Philip Morris İnternational, Ferrari, Mercedes, Marriot
İnternational, Bosh, HUAWEI, Vodafone, EY kimi dünya brendləri də
var.
“Top Employers Institute” təşkilatı haqqında ətraflı məlumatı
buradan əldə edə
bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək
olar.



























